Fərid Şəfiyev: “Beynəlxalq sənədlərdə “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir”

Fərid Şəfiyev: “Beynəlxalq sənədlərdə “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir”
  • Clock-gray 11:40
  • calendar-gray 12 Noyabr 2019

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvandakı açıqlamalarına münasibət bildirib.

APA-nın xəbərinə görə, o bildirib ki, rusiyalı nazirin dedikləri barədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı baza sənədlərinə, xüsusilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırki ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərara təkrar nəzər yetirmək lazımdır.

“Orada müəyyən edilir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılması üçün foruma çevriləcək Minsk Konfransının iştirakçıları Azərbaycan Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveçdir. Vacib məqam olaraq daha sonra qeyd edilir ki, Konfrans iştirakçıları olan ölkələrlə məsləhətləşmələr apardıqdan sonra Konfrans sədri tərəfindən Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa dəvət olunacaq. Münaqişədə tərəf ölkələr Ermənistan və Azərbaycandır. O ki qaldı, Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrinə, bu halda onlar regionun azərbaycanlı və erməni icmasıdır. Onlar irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin təəssüf ki, hazırda bu irəliləyiş müşahidə edilmir. Beləliklə qondarma “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir. Yəni, qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdə bu ifadə mövcud deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar Ermənistan hökumətinə qarşı” işi çərçivəsində qəbul olunmuş qərarda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, o cümlədən öz müqəddəratını təyin etmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan baş naziri Nikol Paşinyanın bu ilin martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşan fikirləri vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir”, - deyə F. Şəfiyev qeyd edib. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date