Fərid Şəfiyev: “Pan-erməni oyunları daxili tələbat üçün hazırlanmış məhsuldur”

Fərid Şəfiyev: “Pan-erməni oyunları daxili tələbat üçün hazırlanmış məhsuldur”
# 05 avqust 2019 10:19 (UTC +04:00)

“Pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri davam etməkdə olan təcavüzü legitimləşdirmək məqsədilə növbəti şoudan başqa bir şey deyil”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin Pan-erməni oyunları və pan-erməni problemlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu kimi tədbirləri 25 ildir ki, uğursuz şəkildə həyata keçirir: “Dünya ictimaiyyəti hərbi təcavüzün nəticələrini tanımır. Ermənistanın inkişaf perspektivlərini bu ölkənin keçmiş prezidenti Robert Köçəryan “Ermənistanın səsi”nə bu yaxınlarda verdiyi müsahibəsində yaxşı izah edib: “Qocalmaqda olan əhaliyə malik, qapalı sərhədləri olan və iqtisadi baxışa sahib olmayan ölkə”. Təəssüf ki, Ermənistanın nə keçmiş, nə də indiki rəhbərliyi problemdən real çıxış yolunu göstərir”.

F. Şəfiyev qeyd edib ki, bu çıxış yolu isə ölkə daxilində dərin dəyişikliklərlə yanaşı qonşuları, ilk növbədə isə Azərbaycanla münaqişənin həllindən, mehriban qonşuluq münasibətlərinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət kimi fundamental prinsiplərinə hörmətdən keçir: “Ermənistanın üzləşdiyi çağırışlar” (Paşinyanın dili ilə desək) Ermənistan cəmiyyətinin özü, xüsusilə bu əsrdə deyil, ötən əsrdən formalaşmış ideologiya olan “Böyük Ermənistan” şovinist ideyaları ilə mübarizə aparmamaq istəyi ilə bağlıdır. Pan-erməni oyunları daxili tələbat üçün hazırlanmış məhsul olaraq qalacaq və ola bilsin, müəyyən müddət üçün erməni cəmiyyətinin diqqətini sosial-iqtisadi problemlərdən uzaqlaşdıra biləcək. Regionun gələcəyi davamlı və stabil sülhdən və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyindən asılıdır”.

Qeyd edək ki, avqustun 6-17-də Ermənistan rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarında və Ermənistanda “pan-erməni oyunları” keçirəcək. 7-ci dəfə keçirilən bu “oyunlar”ın açılış mərasimi sabah Xankəndində təşkil olunacaq. Ermənistan baş naziri Nikol Paşinyan açılış mərasimində iştirak etmək üçün Dağlıq Qarabağa gələcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR