Nazir: “Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”

Nazir: “Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”
# 05 noyabr 2019 16:28 (UTC +04:00)

“Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaq. Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz”.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.

O bildirib ki, ŞT-nın strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır: “Ancaq burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır. Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimal ilə, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq. Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır”.

Nazir qeyd edib ki, beynəlxalq hüquq və qayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur: “Lakin ŞT-ni yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, ŞT-nin əsas öhdəliklərini yerinə yetirməliyik. 10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul etdik. Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və ŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir ŞT ölkəsinin digərinin ərazilərini işğal etməsi ŞT-nin əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır. Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ŞT ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, ŞT-nin növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR