Rövşən Rzayev: “Beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsi vacibdir”

Rövşən Rzayev: “Beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsi vacibdir”
# 09 iyul 2019 17:14 (UTC +04:00)

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbir dünya ölkələrini narahat edən qaçqın və köçkün probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.

Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksindəki klub-icma mərkəzində keçirilən tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını vurğulayıb. Komitə sədri deyib ki, ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə BMT-nin qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb.

R. Rzayev xatırladıb ki, Qarabağ həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin qaçqın və məcburi köçkün probleminin həlli sahəsində sistemli dövlət siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub: “Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün ardıcıl iş aparılır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondu tərəfindən icra edilən layihələr mühüm əhəmiyyət daşıyır”.

Komitə sədri Azərbaycanda qaçqın və köçkün probleminin ən kəskin dövründə beynəlxalq təşkilatların xalqımızı humanitar fəlakətdən qurtarmaq üçün göstərdiyi səyləri xatırladıb və bu işdə fəal iştirak edən BMT təsisatlarına minnətdarlıq bildirib: “Ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi üçün dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsi vacibdir. Qaçqın və məcburi köçkünlərin məşğulluq, təhsil, sağlamlıq problemlərinin həllində beynəlxalq qurumların ölkəmizlə əməkdaşlığı daha da genişləndirməsini arzu edirik”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 1995-1997-ci illərdə də Azərbaycanda çalışdığını, o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu xatırladıb. Həmin dövrdə Ali Komissarlığın 10 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşmasına yardım etdiyini qeyd edən diplomat bu sahədə Azərbaycan hökumətinin fəaliyyətinin, ölkənin artan sosial-iqtisadi imkanlarının bu problemlərin həllinə yönəldilməsinin təqdirəlayiq olduğunu bildirib. O qeyd edib ki, keçirilən tədbir BMT agentliklərinin məcburi köçkünlərin hazırkı dövrdə ehtiyaclarını öyrənməsinə və gələcək fəaliyyətlərini buna uyğun qurmalarına kömək edəcək.

Səfər çərçivəsində BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası məcburi köçkün gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə təlim keçib.

Tədbirdən sonra BMT təmsilçiləri Tərtər rayonunun Bəyimsarov kəndində olub, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR