XİN Fransa məhkəməsinin işğal olunmuş ərazilərlə imzalanan “sazişləri” ləğv etməklə bağlı qərarını alqışlayır

XİN Fransa məhkəməsinin işğal olunmuş ərazilərlə imzalanan “sazişləri” ləğv etməklə bağlı qərarını alqışlayır
# 14 iyun 2019 17:43 (UTC +04:00)

Xarici İşlər Nazirliyi Fransanın Qrenobl inzibati məhkəməsinin Drom departamenti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma separatçı rejim arasında və bu ölkənin Bur le Valans, Valans, Burq dö Peaj kommunaları ilə Azərbaycanın işğal olunmuş Şuşa, Xankəndi və Xocavənd şəhərlərində qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət” orqanları arasında imzalanan qeyri-qanuni "sazişlər"in ləğv olunmasına dair cari ilin 6 iyun tarixli qərarını alqışlayır.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Bildirilir ki, Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarında olduğu kimi, Qrenobl inzibati məhkəməsinin də qəbul etdiyi bu qərar ölkənin yerli öznüidarəetmə orqanlarının Fransa qanunvericiliyi və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanın işğal edilmiş əraziləri ilə imzaladığı qanunsuz sənədləri ləğv edir: “Bu qərarlar qanunun aliliyi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin vacibliyinin növbəti təzahürüdür. Hər hansı qanunsuz fəaliyyət, o cümlədən qeyri-qanuni rejimlərin təşviqi məğlubiyyətə məhkumdur. Səylərimizin münaqişənin beynəlxalq hüquq müstəvisində və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq həllinə yönəldilməsi regiona davamlı sülh, inkişaf və hər kəsə qələbə gətirə bilər.

Qeyd edək ki, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış bir neçə “Dostluq haqqında xartiya”nı ləğv edib. Mayın 29-da isə Fransanın Serji-Pontuaz inzibati tribunalı Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR