Andar Şukputov: “Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Andar Şukputov: “Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
# 14 dekabr 2006 15:36 (UTC +04:00)
- Qazaxıstan Respublikasının müstəqilliyinin 15 ili tamam olur. Ölkənin ən yeni tarixində mühüm yer 16 dekabr tarixinin əhəmiyyətini necə xarakterizə edərdiniz?
- 16 dekabr 1991-ci ildə Qazaxıstan Ali Soveti “Müstəqillik haqqında” Konstitusiya qanununu qəbul edib. Bu qanun Qazaxıstan çox ağır günlər keçirdiyi bir dövrdə qəbul olunub. O illərdə iqtisadi göstəricilər çox aşağı düşmüşdü, əsas müəssisələr işləmirdi, dövlət demək olar ki, uçuruma yuvarlanırdı. Ancaq Qazaxıstan rəhbərliyi qarşısına çox aydın məqsəd qoydu və ciddi siyasət nəticəsində həmin böhran vəziyyətindən çıxdı. Bütün sahələrdə ümumi islahatlar keçirildi və bu islahatlar nəticəsində Qazaxıstan indiki çiçəklənmə dövrünə çatmağa müvəffəq oldu.
- Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məndə olan məlumata görə, hazırda Qazaxıstanda 130 millətin nümayəndələri yaşayır. İmperiyanın süqutu dövründə Qazaxıstan dövləti çətinliklə olsa da, müxtəlif millətlərdən olan öz vətəndaşlarının ölkəni tərk etməsinin qarşısını almağa nail oldu. Hətta hazırda ölkəmizdə yaşayan müxtəlif millətlərin sayı əvvəlkinə nisbətən qat-qat artıb. Onların arasında azərbaycanlılar da az deyil. Bizim ölkədə “Qazaxıstan Xalqları Assambleyası” adlı qurum fəaliyyət göstərir. Bu təşkilat dövlətçiliyin inkişafı üçün əsas problemlərin həlli istiqamətində fəal iş görür. Hazırda Qazaxıstanda yaşayan azərbaycanlıların “Turan” adlı ictimai təşkilatı mövcuddur, bu təşkilatın fəaliyyəti bütün respublikanı əhatə edir. Bundan başqa hər bir bölgədə azərbaycanlıalrın müxtəlif ictimai təşkilatları fəaliyyət göstərir ki, buna misal olaraq “Qobustan”, “Vətən”, “Heydər” və digər qurumların adını çəkə bilərəm. Ötən il Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə Azərbaycana “Turan” Azərbaycanlılar Konqresinin rəhbəri də gəlmişdi. Ölkəmizdə yaşayan azərbaycanlıların problemlərinə gəldikdə isə Qazaxıstanda bazar iqtisadiyyatı münasibətləri mövcuddur. Hər kəs vətəndaşlara yaradılmış imkanlardan istifadə edərək öz həyat tərzini yaxşılaşdıra bilər.
- Azərbaycan-Qazaxıstan siyasi münasibətləri daim tarazlılığı ilə seçilib...
- Bizim xalqlarımızın kökü eyni tarixə, mədəniyyətə söykənir. Bu səbəbdən də iki ölkə arasında sıx əlaqələr həmişə olub və indi də davam edir. Nursultan Nazarbayev və Heydər Əliyev arasında dostluq münasibətləri iki ölkə arasında əlaqələrin yeni mərhələsinin əsasını qoyub. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan prezidenti İlham Əliyev bu posta seçildiyi 3 il ərzində Qazaxıstana 3 dəfə səfər edib. Qazaxıstan prezidenti də ötən il Azərbaycana rəsmi səfər edib. Bütün bunlar iki ölkə arasında səmimi tərəfdaşlığın göstəricisidir. Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının fəaliyyəti intensivləşib. Mənim Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyim müddətdə bu komissiyanın dörd iclası keçirilib.
- İki ölkənin iqtisadi münasibətlərinin mövcud durumu sizi qane edirmi?
- Ölkələrimiz arasında iqtisadi əlaqələr ikitərəfli layihələrin reallaşması üzərində qurulub. Biz Qazaxıstan neftinin nəqli üçün Bakı-Batumi xəttindən istifadə edirik. Bu ilin iyununda İlham Əliyevin Qazaxıstana səfəri zamanı iki ölkənin dövlət başçıları arasında qazax neftinin Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəqlinə dair saziş imzalanıb. Mənə tez-tez Qazaxıstan Bakı-Tiflis-Ceyhan kəmərinə nə vaxt qoşulacağı barədə sual verirlər. burada söhbət Qazaxıstanın bu kəmərə qoşulmasından deyil, sadəcə Qazaxıstan neftinin həmin kəmər vasitəsilə dünya bazarına çatdırılmasından gedir. Hazırda Qazaxıstan neftinin həmin kəmər vasitəsilə daşınması üçün şərtlər razılaşdırılır. Bu şərtlərə daşınma qiyməti, həcmi və digər məsələlər daxildir. Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsi Qazaxıstan üçün maraq doğuran ikinci böyük layihədir. Çünki bu dəmir yolu Bakıdan Qarsa qədər çəkilsə, oradan Avropaya çıxış əldə etmək olar. Əgər qeyd olunan dəmiryolunun Çin istiqamətində çıxışı reallaşsa, bu, yeni İpək yolu - nəqliyyat dəhlizi olacaq. Daha bir iri layihə taxıl istehsalı ilə bağlıdır. Aktauda iri taxıl terminalı mövcuddur. Qazaxıstan ildə 16 milyon ton taxıl istehsal edir ki, bunun 6-7 milyon tonunu Azərbaycana ixrac edə bilər.
- Rəsmi Astana Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son prosesləri necə qiymətləndirir?
- Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizi dəfələrlə bəyan etmişik. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ATƏT-in Minsk Qrupunun fəaliyyətini müsbət qiymətləndirir. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR