MSK üzvlüyünə təsdiqlənmiş şəxslər artıq qurumda fəaliyyətə başlayıblar

MSK üzvlüyünə təsdiqlənmiş şəxslər artıq qurumda fəaliyyətə başlayıblar
# 18 dekabr 2006 10:35 (UTC +04:00)
Parlamentin son iclasında Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə təsdiqlənmiş şəxslər artıq qurumda fəaliyyətə başlayıblar. MSK katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, yeni üzvlər üçün iş şəraiti yaradılıb. MSK-nın tam tərkibdə formalaşmamasının və iki yerin boş qalmasının qurumun fəaliyyətinə ciddi problem yaratmayacağını deyən katib iclaslarının keçirilməsi və qərarların qəbulu üçün yetərsay olduğunu vurğulayıb.
Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov isə yeni üzvlərin təyinatının Müsavat Partiyasından və parlamentdəki azlıqdan asılı olduğunu deyib: “Boş qalan yerlərdən biri Müsavat Partiyasınındır. Digər yer isə bitərəflərindir, amma bu yer parlament azlığı ilə razılaşdırılmalıdır. Nə zaman nümayəndələr parlamentə təqdim olunsa, o zaman da MSK tam tərkibdə formalaşacaq”. MSK-nın hazırkı formalaşma prinsipinin tam ədalətli olduğunu bildirən Ə. Əhmədov bu formatda təşkil edilmiş seçki komissiyalarının uğurla işlədiklərini vurğulayıb: “Seçki komissiyalarının paritet əsaslarla formalaşdırmaq mümkün deyil. Çünki Azərbaycanda seçkilər majoritar sistem əsasında keçirilir. Son seçkilərdəki 2000 namizəddən yalnız 500-ü partiyalara aid idi. 1500 nəfər bitərəf olaraq fərdi qaydada namizədliyini irəli sürmüşdü. Bu qədər namizədi təmsil edən nümayəndənin də MSK-da təmsil olunması lazımdır. Müxalifətçilər digər partiyaları və bitərəfləri MSK-da təmsil edən nümayəndələrə inanmırlar. Belə olan halda nəyə görə seçki prosesinə qoşulmuş bitərəflər siyasi partiyaların seçki komissiyalarındakı təmsilçilərinə etimad göstərməlidirlər? Ona görə indiki reallıqlar çərçivəsində seçki komissiyaları hakimiyyətdə və müxalifətdə olan partiyalardan formalaşdırılması ideyası düzgün və ədalətli deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR