2007-ci ilin yanvarında Bakıda GUAM ölkələri siyasi partiya və hərəkatlarının Koordinasiya Şurasının toplantısı keçiriləcək

2007-ci ilin yanvarında Bakıda GUAM ölkələri siyasi partiya və hərəkatlarının Koordinasiya Şurasının toplantısı keçiriləcək
# 18 dekabr 2006 12:33 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov GUAM ölkələri siyasi partiya və hərəkatlarının Koordinasiya Şurasının yaradılması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ. Qasımov bildirib ki, dekabrın 7-də GUAM-a üzv ölkələrdə fəaliyyət göstərən bir neçə müxalifət partiyası və hərəkatının rəhbərləri Kiyev şəhərində bir araya gələrək Koordinasiya Şurasının yaradılması barədə sənəd imzalayıblar. Onun sözlərinə görə, sənədə Azərbaycan Yolu Siyasi Hərəkatının, Ukrayna Sosialist Tərəqqi Partiyasının, Gürcüstan Ədalət Partiyasının və Moldova Partiyalar İttifaqının sədrləri imza atıblar: “Qurumun yaradılmasında əsas məqsəd GUAM ölkələri və xalqlarının yaxınlaşmasına, inteqrasiyasına, bu məkanda azad vətəndaş cəmiyyətinin inkişafına nail olmaq, iqtisadiyyat, mədəniyyət və siyasi sahələrdə dövlətlərarası əməkdaşlığın qurulmasına çalışmaqdır. Şura məsləhət orqanı kimi yaradılıb və siyasi qüvvələr bir-birinin daxili işlərinə müdaxilə etməyəcəklər”. Qurumun rəhbəri rotasiya qaydasında Koordinasiya Şurasına daxil olan siyasi qüvvələrin rəhbərlərindən seçilir. İlk sədrliyin ona həvalə olunduğunu söyləyən İ. Qasımov şuranın mərkəzi qərargahının Bakıda yerləşəcəyini açıqlayıb. O, dekabrın 28-də Moldovada quruma yeni partiyaların üzv olması ilə bağlı mətbuat konfransı keçiriləcəyini bildirib: “Gələn ilin yanvarında isə Koordinasiya Şurasının Bakıda geniş tərkibli konfransı keçiriləcək”. İ. Qasımov GUAM formatında əməkdaşlıq edən siyasi qurumların Dağlıq Qarabağda keçirilən referendumu pislədiklərini və Azərbaycanda söz azadlığının vəziyyətinin getdikcə pisləşməsindən narahatlıqlarını ifadə etdiklərini də deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR