MSK-nın keçmiş üzvü Ənvər Əliyev: “Partiyanın qarşısına qoyulmuş tələblər mənim tərəfimdən yerinə yetirilmədiyinə görə MSK-ya göndərilmədim”

MSK-nın keçmiş üzvü Ənvər Əliyev: “Partiyanın qarşısına qoyulmuş tələblər mənim tərəfimdən yerinə yetirilmədiyinə görə MSK-ya göndərilmədim”
# 18 dekabr 2006 13:41 (UTC +04:00)
“Almas Qəhrəmanlının Mərkəzi Seçki Komissiyasının üzvü kimi necə fəaliyyət göstərəcəyi 1-2 ay müddətində bilinəcək. Amma istənilən halda o, mənim bu qurumda göstərdiyim prinsipiallığı göstərə bilməyəcək”. Bu sözləri APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasında (MSK) 3 il Vətəndaş Həmrəyliyi Partiyasını təmsil etmiş Ənvər Əliyev deyib. MSK-ya yenidən göndərilməməsini yanlış addım sayan Ə. Əliyev bildirib ki, partiya rəhbərliyi hələ bu məsələyə aydınlıq gətirməyib: “Sadəcə, bildirdilər ki, bir nümayəndənin uzun müddət bu qurumda qalmasını istəmirik. Amma mənim öz qənaətim var. Əsl səbəb ondan ibarətdir ki, partiyanın qarşısına qoyulmuş tələblər mənim tərəfimdən yerinə yetirilmədi”. Ə. Əliyev bu tələblərin nədən ibarət olduğunu açıqlamayıb. Keçmiş MSK üzvü onu da qeyd edib ki, 2002-ci ilə qədər VHP-nin üzvü olub və MSK-ya göndərildikdən sonra partiya üzvlüyündən istefa verib. MSK üzvü kimi fəaliyyəti sona çatdıqdan sonra isə o, partiyaya qayıtmayıb.
Ədalət Partiyasında MSK üzvü olmaq uğrunda gedən mübarizədə Oqtay Hümbətova uduzmuş Elxan Şükürlü isə bu mövzuda danışmaq istəmədiyini qeyd edib: “Namizədin müəyyənləşməsin prosedurunun qanunun və əxlaqın tələbləri baxımından nə qədər doğru olması barçədə danışmaq istəmirəm. Sadəcə bu məsələdə həlledici rol İlyas İsmayılova məxsus oldu və Oqtay Hümbətovun üzvrəində dayandı. Onun necə fəaliyyət göstərəcəyi barədə indidən heç nə demək mümkün deyil. Mən ümid edirəm ki, o, MSK-da xalqın maraqlarına uyğun çalışacaq”. Ədalət Partiyasının sədri İlyas İsmayılov da O. Hümbətovun MSK-ya göndərilməsi haqqında danışmaq istəməyib: “Partiyada ümumi müzakirə nəticəsində Oqtay Hümbətovun üzərində dayandıq”.
Ümid Partiyası mətbuat xidmətinin rəhbəri Ənvər Ağayev isə APA-ya açıqlamasında bildirib ki, partiyanı MSK-da təmsil etməyə iddialı şəxslərdən biri də özü olub: “Amma partiyanın Rəyasət Heyəti bu posta Akif Qurbanovu məsləhət gördü. Çünki Akif Qurbanov uzun müddət partiyanın seçki qərargahının rəhbəri olub və seçki qanunvericiliyini daha yaxşı bilir. Ona görə, son məqamda mən də onun namizədliyini dəstəklədim”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR