Müsavat Partiyası başqanının müşaviri Tofiq Hüseynli: “Mərkəzi İcra Aparatı ilə bağlı təsdiq olunmuş Əsasnamədə razı qalmadığım bir neçə məqam var”

Müsavat Partiyası başqanının müşaviri Tofiq Hüseynli: “Mərkəzi İcra Aparatı ilə bağlı təsdiq olunmuş Əsasnamədə razı qalmadığım bir neçə məqam var”
# 19 dekabr 2006 09:44 (UTC +04:00)
“Vurğun Əyyubun son günlər partiyadakı proseslərlə bağlı mətbuatda qaldırdığı məsələlər arasında haqlı məqamlar da var. Çünki Müsavatda həmişə ən xırda məsələ belə əvvəlcədən müzakirə olunduqdan sonra qəbul edilib. Amma müzakirə olmayıbsa və partiya başqanı təyinatla bağlı sərəncam imzalayıbsa, bu da başqanın səlahiyyətində olan məsələdir”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Tofiq Hüseynli deyib. Partiyanın Mərkəzi İcra Aparatı ilə bağlı təsdiq olunmuş Əsasnamədə razı qalmadığı bir neçə məqamın olduğunu bildirən T. Hüseynli həmin məqamlar haqqında danışmaq istəməyib. Müsavat rəhbərliyində təmsil olunan bir qrup şəxsin ötən bazar günü partiya başqanı İsa Qəmbərlə görüşü ilə bağlı məlumat verən T. Hüseynli bu təşəbbüsün funksionerlərdən gəldiyini qeyd edib: “Bazar günü dənizkənarı bulvarda gəzirdik, orada başqanla görüşmək qərarına gəldik və onunla telefonla danışdıqdan sonra qərargaha getdik. Bu, adi bir görüş idi və mətbuat üçün açıqlanası məlumatlar yoxdur”. Bu görüşün narazıların görüşü adlandırılması və başqana təzyiq məqsədi daşıması ilə bağlı yayılan məlumatlara gəldikdə, T. Hüseynli bunu həqiqət hesab etmir: “Çünki partiyada kiminsə İsa Qəmbərə təzyiq göstərdiyini söyləmək düzgün deyil. Digər tərəfdən, mənim partiyada hansısa məsələdən xüsusi narazılığım yoxdur. “Yeni Müsavat” qəzetinin bizi narazılar kimi təqdim etməsi düzgün deyil. Partiya daxilində hansısa narazılıqlar varsa, bu, həll olunacaq”. T. Hüseynli onu da qeyd edib ki, Məclisin dekabrın 23-də keçiriləcək iclasında ehtiyac yaranacağı halda müəyyən məsələlərlə bağlı öz fikirlərini bildirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR