Sabir Rüstəmxanlı: “Xarici təzyiqlərin artdığı, Qarabağ probleminin həll olunmadığı bir vaxtda ölkədə güclü müxalifətə ehtiyac var”

Sabir Rüstəmxanlı: “Xarici təzyiqlərin artdığı, Qarabağ probleminin həll olunmadığı bir vaxtda ölkədə güclü müxalifətə ehtiyac var”
# 20 dekabr 2006 09:54 (UTC +04:00)
“Azərbaycana xarici təzyiqlərin artdığı bir şəraitdə, Qarabağ probleminin həll olunmadığı bir vaxtda ölkədə güclü müxalifətə ehtiyac var. Amma çox təəssüf ki, müxalifət parçalanmış və bir-biri ilə düşmənçilik edən qüvvələrdən ibarətdir. Müxalifət partiyalarının ən ciddi məsələlərdə belə bir araya gələ bilməməsi ölkə üçün problemlər yaradır”. Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirib. Ümummilli məsələlərdə “Azadlıq” bloku, Müsavat və digər partiyalarla bir araya gəlməyi mümkün sayan S. Rüstəmxanlı həmin siyasi qüvvələrin davamlı olaraq VHP-ni hakimiyyətə yaxınlıqda ittiham etməsinə diqqət çəkib: “Cavab versinlər ki, müxalifətçilik nədir? Müxalifətçilik camaatı ayağa qaldırıb yalnış yolla apararaq dalana dirəmək və müxalifətə olan ümidləri qırmaqdır, yoxsa ardıcıl xətlə mübarizə aparmaq? Bir gün qalxıb hay-küy salmaq və hər şeyi yerlə-yeksan etmək müxalifətçilik deyil. Bu, xəyanət yoludur”. Konstruktiv müxalifət olmadıqlarını bildirən S. Rüstəmxanlı əslində VHP-nin daim mübarizə apardığını qeyd edib. Parlament kürsüsündən gərəkli şəkildə istifadə etdiklərini vurğulayan partiya sədrinin sözlərinə görə, digər partiyalar radikal olduqlarını bildirirlər və radikallığı daha çox söyməkdə, təhqir etməkdə görürlər: “Amma bu yolu tutmayanları konstruktiv adlandırırlar. Mən söyüşcül mübariz olmaq istəmirəm. Meydanlarda heç kim olmayanda belə mən meydanlarda kəskin sözümü demişəm”. Millət vəkilinin fikrincə, cəmiyyətdə mitinqlərə marağın az olmasının səbəblərindən biri kütləvi aksiyalara çağırılan insanların daim aldadılmasıdır: “Kimsə küçəyə çıxmaqla, kəskin danışmaqla hökumətin yıxılacağını gözləyirsə, bu, düşmən mövqeyidir. Əgər hakimiyyətə mitinqlə gələcəyiksə, bizi də mitinqlə hakimiyyətdən yola salacaqlar. “Qələbə meydanına siz gəlin, qələbə bizim olacaq” kimi çağırışlar əlbəttə ki, mitinqləri gözdən salacaq. Çünki bu çağırışa iki, üç dəfə inanıb gələn insanlar görəndə ki, onu aldadırlar, növbəti mitinqlərə gəlmirlər. Hər mitinqdə də köhnə bayatılar oxunur, köhnə sözlər deyilir”. VHP sədri beynəlxalq təşkilatlar və xarici qüvvələrlə əməkdaşlıq məsələlərinə də toxunub: “Həmişə müxalifətdəki dostlarıma demişəm ki, beynəlxalq təşkilatlara ümid etmək, onlara minnətçi düşmək lazım deyil, ölkə daxilində baş verənləri onların ovcuna qoymağa ehtiyac yoxdur. Hansısa kənar gücün qabağa düşərək hakimiyyəti alıb müxalifətə verəcəyinə inanmaq gülüncdür. Xarici təşkilatlara ümid etmək millətimizə həqarətdir. Xaricdən yaxşı təcrübələri öyrənməliyik, amma qapıları geniş açıb onlara ayaqaltı olmamalıyıq”. Dialoqla bağlı Yeni Azərbaycan Partiyasına etdiyi müraciət haqqında danışan S. Rüstəmxanlı xatırladıb ki, iqtidar və müxalifət partiyaları hər dəfə xarici qüvvələrin təşkilatçılığı ilə bir araya gəlib: “İstəyirəm ki, xarici qüvvələrin iştirakı olmadan bir masa ətrafında əyləşək. Elə məsələlər var ki, onu özümüz müzakirə etməliyik. Bütün iplərin ucunu beynəlxalq qüvvələrə verməli deyilik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR