Milli Məclisin altı üzvü prezident İlham Əliyevə müraciət edib

Milli Məclisin altı üzvü prezident İlham Əliyevə müraciət edib
# 20 dekabr 2006 15:19 (UTC +04:00)
Bir müddət əvvəl Milli Ordunun Bərdədə yerləşən korpusuna səfər etmiş 6 millət vəkili cəbhə bölgəsində xidmət edən hərbçilərə diqqətin artırılması xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya millət vəkili Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə, müraciətdə ölkə prezidentindən zabitlərin yaşayış səviyyəsinin yüksəldilməsi üçün lazımi tədbirlərin görülməsi, hər korpusda zabitlər üçün ən azı iki binanın tikilməsi təklif edilib. Bundan əlavə, müraciətdə cəbhə bölgələrində yerləşən rayonların icra başçılarının təhkim olunduqları hərbi hissələr üzrə yardımları davam etdirməsinə dövlət tərəfindən nəzarət edilməsi də xahiş edilib. V. Əhmədov bildirib ki, müraciətdə əsgərlərlə bağlı hər hansı problemin olduğu göstərilməyib: “Biz yalnız qarşılaşdığımız problemlərin həllini xahiş etmişik. Əsgərlərlə bağlı hər hansı problemlə qarşılaşmamışıq”. Müraciəti Milli Məclisin üzvləri Vahid Əhmədov, Lalə Abbasova, Elmira Axundova, Fəzail Ağamalı, Tahir Rzayev və Aydın Həsənov imzalayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR