Mahmud Məmməd-Quliyev: “Ermənistanın “Dairəvi yol”a Azərbaycan vasitəsilə çıxması həm texniki, həm də siyasi səbəblərdən mümkün deyil”

Mahmud Məmməd-Quliyev: “Ermənistanın “Dairəvi yol”a Azərbaycan vasitəsilə çıxması həm texniki, həm də siyasi səbəblərdən mümkün deyil”
# 25 dekabr 2006 08:57 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin APA-ya müsahibəsi

- Avropa Qonşuluq Siyasəti çərçivəsində bu il noyabrın 14-də Brüsseldə qəbul olunmuş Fəaliyyət Planında hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
- Avro-Atlantik qurumlara inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi və əməkdaşlıq Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindəndir və bu əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Biz Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə hüquqi əsası qoyulmuş əlaqələrimizi Avropa Qonşuluq Siyasəti vasitəsilə daha da genişləndirmək əzmindəyik. Azərbaycan və Avropa İttifaqı arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində noyabrın 14-də Brüsseldə qəbul edilən 5 illik Fəaliyyət Planı Azərbaycan və Avropa İttifaqı arasında siyasi və təhlükəsizlik dialoqu, iqtisadi islahatlar, enerji, nəqliyyat, ticarət, informasiya texnologiyaları, ətraf mühit, sosial müdafiə, təhsil, elm, mədəniyyət və s. sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edir. Həmçinin, beynəlxalq terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, insan alverinə, qaçaqmalçılığa və digər təhdidlərə qarşı mübarizədə, eləcə də, sərhəd nəzarəti, polis və ədliyyə sahələrində Avropa İttifaqı ilə əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik. Fəaliyyət Planında Avropa İttifaqı və Azərbaycanın enerji qanunvericiliyinin tədricən yaxınlaşmasına və enerji bazarlarının inteqrasiyasına yönəlmiş tədbirlərə xüsusi yer ayrılır. Bu istiqamətdə ilk addım kimi, bu il noyabrın 7-də Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Bu Memorandumun əsas məqsədləri Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşdırılması ilə bağlı Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin müvafiq müddəalarının yerinə yetirilməsi məqsədilə, 2007-2009-cu illəri əhatə edən Dövlət Proqramı layihəsi hazırlanıb. Bu proqram Azərbaycanın mövcud və gələcək qanunvericiliyinin Avropa İttifaqının qanunlarına tədricən uyğunlaşdırılmasını nəzərdə tutur. Xüsusilə, gömrük, bank, maliyyə, rəqabət və vergi qanunvericiliyi, əqli mülkiyyət, texniki qayda və standartlar kimi sahələri əhatə edən bu proqramın qəbulu və tətbiqi Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi töhfə verəcək.
- Fəaliyyət Planı çərçivəsində Azərbaycana ayrılacaq yardımın həcmi dəqiqləşibmi?
- Avropada cərəyan edən inteqrasiya prosesləri Avropa İttifaqının yeni təşəbbüsündə, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti adlandırılan yeni əməkdaşlıq proqramında öz əksini tapacaq. Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş Fəaliyyət Planları məhz bu alətin köməyi ilə həyata keçiriləcək. Avropanın yeni qonşuları üçün nəzərdə tutulan bu proqram Ukrayna, Moldova, Belorus, Rusiya Federasiyası, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika ölkələri üçün nəzərdə tutulur. 2007-2013-cü illəri əhatə edən Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin büdcəsi 12 milyard ABŞ dolları həcmində ehtimal olunur. Azərbaycana ayrılacaq maliyyə yardımının dəqiq həcmi isə Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulan layihələr hazırlandıqdan sonra məlum olacaq.
- Artıq başa çatmış TACİS proqramı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- TACİS proqramı çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın səmərəli olduğunu düşünürəm. Ümumiyyətlə, 1992-ci ildən indiyədək Avropa İttifaqı tərəfindən Azərbaycana 400 milyon avrodan artıq texniki yardım göstərilib. Bu yardımın təxminən 100 milyon avrosu TACİS-in xətti ilə gerçəkləşib. TACİS proqramı Azərbaycanda əsas diqqətini yoxsulluğun azaldılması, institusional, hüquqi və inzibati islahatlara yardım, özəl sektora dəstək və iqtisadi inkişafa köməklik göstərilməsinə yönəldib. Proqramın həyata keçirildiyi dövr ərzində dövlət büdcəsinin, vergi sisteminin və sosial müdafiənin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlıq və regionların inkişafı üçün investisiya mühitinin yaxşılaşdırılması, həmçinin, ali və texniki-peşə təhsilinin gücləndirilməsinə istiqamətləndirilmiş yardımları xüsusilə qeyd etmək lazımdır.
- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu ilə bağlı danışıqlar hansı mərhələdədir?
- Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrlə bütün sahələr üzrə danışıqları həm ikitərəfli, həm də çoxtərəfli formatda davam etdiririk. Bu günə kimi Azərbaycan tərəfi Ümumdünya Ticarət Təşkilatı tərəfindən yaradılmış xüsusi işçi qrupu ilə 4 görüş keçirib. Görüşlərdə, əsasən, Azərbaycanın ticarət rejimi müzakirə obyekti olub. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması məsələsində əsas tərəfdaşları Avropa İttifaqı, ABŞ, Türkiyə, Kanada və digər ölkələrdir. Artıq bu məsələ ilə əlaqədar bir neçə ölkə ilə danışıqlar yekunlaşıb, bu ölkələrlə gələcəkdə ikitərəfli protokolların imzalanması nəzərdə tutulur. Ümumdünya Ticarət Təşkilatı tərəfindən yaradılmış xüsusi işçi qrupu ilə növbəti görüşün gələn ilin mart-aprel aylarında Cenevrədə keçiriləcəyi gözlənilir. Bu istiqamətdə mühüm məsələlərdən biri iqtisadi sahədə qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğunlaşdırılmasıdır. Bununla bağlı ölkə başçısının avqustda xüsusi sərəncamı olub, indi qarşımızda duran əsas məsələ bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsidir.
- Ümumilikdə, MDB ölkələrinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olması hansı müddətə gerçəkləşə bilər?
- MDB ölkələrindən Ukrayna və Rusiyanın 2007-ci ildə bu təşkilata üzv qəbul edilməsi gözlənilir. Amma bu təşkilatda bütün qərarların konsensus yolu ilə qəbul olunduğunu, təşkilatın hazırda 150 üzvü olduğunu nəzərə almaq lazımdır. Fikrimcə, bu ölkələrdən sonra Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması perspektivi böyükdür. Ümumiyyətlə, hər şey danışıqların gedişindən asılıdır, kimin birinci və ya ikinci qəbul olunacağını demək çətindir.
- Ümumdünya Ticarət Təşkilatına daxil olmağa mane olan ABŞ tərəfindən tətbiq edilən Cekson-Venik düzəlişinin ləğvi üçün hansı işlər görülür?
- Əslində Cekson-Venik düzəlişi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu üçün heç bir maneə törətmir. Əksinə, ABŞ Azərbaycanın bu təşkilata daxil olmasına çox ciddi yanaşır. ABŞ bu sahədə Azərbaycana texniki yardım göstərib, xüsusi bir layihə həyata keçirib və indi də texniki yardım göstərməyə hazırdır. Ona görə hesab edirəm ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunduqdan sonra Cekson-Venik düzəlişi ləğv oluna bilər. Ümumiyyətlə, ABŞ həmişə belə bir mövqe ilə çıxış edir ki, hər hansı ölkə Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunursa, deməli, bu ölkə bazar iqtisadiyyatı ölkəsidir və həmin ölkəyə qarşı Cekson-Venik düzəlişi ləğv olunur. Əlbəttə ki, biz həmin düzəlişin indiki mərhələdə ləğvinə çalışırıq, lakin ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu məsələ Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olduqdan sonra öz həllini tapa bilər.
- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının ölkəmizin maraqlarına tam cavab vermədiyi barədə fikirlər də var...
- Ümumiyyətlə, bu təşkilata üzv qəbul olunmaq Azərbaycanın maraqlarına cavab verir. Təşkilat ticarətin liberallaşdırılmasına, malların, xidmətlərin sərbəst gedişinə imkan yaradır ki, bundan da ilk növbədə istehlakçılar qazanclı çıxırlar. Çünki bu şərtlər daxilində bazarda həm malların, həm də xidmətlərin keyfiyyəti artır, qiymətlər isə ucuzlaşır. İstehsalçılar isə rəqabətə davamlı məhsul istehsal etməyə çalışırlar. Bir neçə ölkənin təcrübəsi göstərir ki, bu beynəlxalq təşkilata daxil olmaq ölkəyə çox böyük xeyir gətirir. Məsələn, Çin bu təşkilata daxil olduqdan sonra onun xarici ticarət dövriyyəsi iki dəfə artıb. Bundan başqa, Çin iqtisadiyyatına yatırılan sərmayələrin həcmi də iki dəfə artıb. Ümumdünya Ticarət Təşkilatına üzv olan digər ölkələrin də bu göstəricilərində artım müşahidə olunub.
- Ümumdünya Ticarət Təşkilatının Azərbaycan qarşısında qoyduğu əsas tələblərdən biri kənd təsərrüfatı sektoruna subsidiyaların azaldılmasıdır. Bu şərti əsaslı hesab etmək olarmı?
- Ümumdünya Ticarət Təşkilatı, ümumiyyətlə, müxtəlif sahələrə subsidiyaların azaldılması siyasəti yürüdür. Çünki subsidiya ticarətdə qeyri-müəyyən vəziyyət yaradır, rəqabəti pozur. Təşkilat hesab edir ki, mallar subsidiya hesabına istehsal olunursa, onun qiyməti obyektiv deyil. Bu gün əsas məsələlərdən biri kənd təsərrüfat mallarının idxal subsidiyalarıdır. Avropa İttifaqı, eləcə də iri ölkələr də bu subsidiyaları edir. Artıq razılaşma əldə olunub ki, 2013-cü ildən sonra Avropa İttifaqı kənd təsərrüfatı mallarına ixrac subsidiyası tətbiq etməyəcək. Azərbaycanın da kənd təsərrüfatı sektoruna daxili yardımın göstərilməsi Ümumdünya Ticarət Təşkilatı ilə əsas müzakirə mövzularından biridir.
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olan “Dairəvi yol” layihəsinə Ermənistanın Azərbaycan vasitəsilə qoşulması mümkündürmü?
- “Dairəvi yol” layihəsi Qara dəniz ətrafında yerləşən ölkələrin infrastrukturunun bərpası, yenidən tikilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsini nəzərdə tutur. Azərbaycan və Ermənistan da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri kimi bu layihəyə qoşulub. Yol müasir, ümumi qəbul edilmiş standartlar əsasında nəqliyyat təhlükəsizliyini, sürət və rahatlığı təmin edən keyfiyyətdə xidmətlər təklif edəcək. Qara dənizə birbaşa çıxışımız olmadığı üçün “Dairəvi yol”a Gürcüstan və Rusiya vasitəsilə çıxış əldə edəcəyik. Ermənistanın da bu layihədə iştirak etməsinə baxmayaraq, onun “Dairəvi yol”a Azərbaycan vasitəsilə çıxması nə texniki, nə də siyasi səbəblərdən mümkündür. Belə olan halda, Ermənistan “Dairəvi yol”a Gürcüstan vasitəsilə çıxa bilər. Hal-hazırda layihə ilə bağlı tərəflər arasında Anlaşma Memorandumu hazırlanmaqdadır. Zəruri prosedurlar başa çatdırıldıqdan sonra Anlaşma Memorandumu Azərbaycan da daxil olmaqla, təşkilatın üzv dövlətləri tərəfindən imzalanacaq.
- Strasburqda keçirilən son görüşdə Azərbaycan “Aqo” qrupuna ölkə ilə bağlı xüsusi monitorinqi dayandırmağı təklif edib. Qarşı tərəf bu təklifi necə dəyərləndirdi?
- Strasburqda son danışıqlar zamanı mən Azərbaycan üzrə monitorinqin xüsusi qrup tərəfindən deyil, post-monitorinq mərhələsində olan digər ölkələrin nümunəsində olduğu kimi ümumi şəkildə aparılmasını təklif etdim. Çünki biz hesab edirik ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin əksək hissəsini yerinə yetirib, digər öhdəliklərin yerinə yetirilməsi isə yalnız Azərbaycanın mövqeyindən asılı deyil. Qalan öhdəliklərin yerinə yetirilməməsi, əsasən, regiondakı vəziyyətdən qaynaqlanır. Buna görə də düşünürük ki, indiyə kimi aparılan monitorinqin nəticələri qiymətləndirilməli və onun əsasında yeni təkliflərə baxılmalıdır. Lakin qarşı tərəf xüsusi monitorinqə hələ də ehtiyac olduğunu bildirdi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR