Müsavat Məclisinin iclasında qalmaqal baş verib

Müsavat Məclisinin iclasında qalmaqal baş verib
# 25 dekabr 2006 15:10 (UTC +04:00)
APA-nın məlumatına görə, gündəlikdəki məsələlər sakitliklə müzakirə olunsa da, cari məsələlərlə bağlı müzakirədə Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Əlövsət Talışxanlının çıxışı müzakirələri aktivləşdirib. Ə. Talışxanlı çıxışını “Yeni Müsavat” qəzetinin tənqidi üzərində qurub və qəzetin baş redaktoru Rauf Arifoğlunu müsavatçılar arasında ayrı-seçkilik salmaqda ittiham edib: “Üç gün öncə Lənkəran müsavatçıları məndən soruşdu ki, bu qəzet Daxili İşlər Nazirliyinə xidmət edir?”. Ə. Talışxanlı qəzetin partiyanın qərargahından çıxarılmasını tələb edib: “Bu qəzet partiya binasında sadəcə yer tutur”. Ə. Talışxanlı müsavatçılar arasında bərabərliyin olmamasından şikayətlənib. Divan üzvü Vurğun Əyyub da çıxışında partiya ilə bağlı tənqidi fikirlərini səsləndirib və Divanın iclasında daha geniş müzakirə aparmağın vacibliyini vurğulayıb: “Amma başa düşmək lazımdır ki, bu gün başqalarının ünvanına yağdırılan təhqirlər barədə susmağa üstünlük verənlərin sabah qapısını döyəcəklər”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxışında Rauf Arifoğlunu müdafiə edib. Partiyada heç bir tərəfi tanımadığını bildirən İ. Qəmbər hamının Müsavatın yanında olmasını vacib sayıb: “Amma kim kimə əsassız hücum edərsə, hücuma məruz qalanın yanında olacağam. Nə vaxtsa “Yeni Müsavat” Vurğun Əyyuba hücum edibsə, mən Vurğun bəyin yanında olmuşam. İndi də yersiz şəkildə qəzetə hücum olursa, mən qəzeti müdafiə edəcəyəm”. İ. Qəmbər partiya funksionerlərini hakimiyyətə və mətbuata partiyanı zəiflətmək baxımından əsassız bəhanələr verməkdə ittiham edib: “Bizə nə düşüb ki, bu tipli yazılara yer veririk? Nə vaxta qədər bu oyunları davam etdirəcəksiniz? Nə istəyirsiniz, nədir məqsədiniz? Mən partiyanın rəhbərliyində olanları özüm qədər tanıyıram. Onların hər birinin müsbət cəhətləri var. Amma nöqsanları da ortaya qoysam, bu çox acınacaqlı mənzərəyə çevrilər. Gəlin, bu oyunları yığışdıraq”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə ünvanına səslənən ittihamlara münasibət bildirməyib. Qəzetin redaktoru Azər Ayxan isə APA-ya açıqlamasında bildirib ki, Ə. Talışxanlının çıxışı ilə bağlı bu gün qəzet kollektivi partiya başqanına, Məclisə və Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edib. Müraciətdə Ə. Talışxanlının partiya sıralarından xaric edilməsi xahiş olunub: “Əlövsət Talışxanlı partiyadan xaric olunmayacağı halda biz şərəf və ləyaqətimizin qorunması ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyik”. Ə. Talışxanlının Vurğun Əyyub tərəfindən danışdırıldığını deyən A. Ayxan həmin qrupun irtica ilə məşğul olduğunu qeyd edib: “Onlar dəfələrlə qəzetin partiyanın qərargahından çıxarmağa çalışıblar. Partiyanın qərargahından çıxmaq bizim üçün problem deyil. Amma bunun nəticəsində partiyanın özü zərər çəkə bilər”.
Ə. Talışxanlı isə APA-ya açıqlamasında “Yeni Müsavat”ın kollektivinin onunla bağlı müraciətinin onların öz hüquqları olduğunu bildirib. O, ümid edib ki, partiya rəhbərliyi müraciətlə bağlı məsələlərə Nizamnamə çərçivəsində baxacaq: “ Mən partiya sıralarından xaric ediləcəyimi gözləmirəm, amma bu olsa belə, daxilən müsavatçıyam. Partiyadan çıxarılmaq məni narahat etmir”. O, hər zaman öz fikirlərini ifadə etdiyini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR