Qənirə Paşayeva Silahlı Qüvvələrdə baş verən problemlərin araşdırılması ilə bağlı deputat qrupunun yaradılmasını təklif edib

Qənirə Paşayeva Silahlı Qüvvələrdə baş verən problemlərin araşdırılması ilə bağlı deputat qrupunun yaradılmasını təklif edib
# 26 dekabr 2006 13:03 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Qənirə Paşayeva parlamentə Silahlı Qüvvələrdə baş verən problemlərin araşdırılması ilə bağlı deputat qrupunun yaradılmasını təklif edib. APA-nın məlumatına görə, deputat orduya dövlət büdcəsindən böyük həcmdə vəsaitin ayrıldığını və buna nəzarətin vacib olduğunu bildirib. Deputat son günlər iki Azərbaycan əsgərinin Ermənistan tərəfdən əsir götürüldüyünü, lakin Müdafiə Nazirliyinin bu faktı naməlum səbəbdən gizlətdiyini deyib. Q. Paşayeva deputatların müxtəlif hərbi hissələrə getməsinə şərait yaradılmasının vacib olduğunu söyləyib: “Deputatlar ordudakı real vəziyyəti gördükdən sonra hesabatlar hazırlayıb müvafiq qurumlara təqdim edə bilərlər”. Bu məsələyə Sabir Rüstəmxanlı da tərəfdar çıxaraq, Azərbaycan ordusunda bəzi narahatedici hadisələrin baş verdiyini bildirib. Spiker Oqtay Əsədov deputatların lazım olanda həbi hissələrə getdiyini bildirib: “Ancaq biz audit komissiyası deyilik ki, gedib orduda yoxlamalar aparaq”.
İqbal Ağazadə ilə Pənah Hüseyn isə Müstəqil Azərbaycan Universitetinin tələbələrinin hüquqlarının bərpası ilə bağlı təcili tədbirlər həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Onlar tələbələrin 35 gündür davam edən aclıq aksiyasının faciə ilə nəticələnə biləcəyini deyiblər. İ. Ağazadə həmçinin ölkədə jurnalistlərə qarşı baş verən cinayət hadisələrinin üstünün açılmamasından narahatlığını ifadə edib: “Jurnalistlərin döyülməsi hallarına son qoyulmalıdır”. Yaqub Mahmudov isə “Dini etiqad azadlığı haqqında” qanuna yenidən baxılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, ölkənin bir çox bölgələrində, xüsusilə də şimal rayonlarında missionerlik baş alıb gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR