Avropa Birliyi ilə Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi bəyanat yayıb

Avropa Birliyi ilə Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi bəyanat yayıb
# 27 dekabr 2006 15:57 (UTC +04:00)
Avropa Birliyi ilə Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Strasburqda keçirilən yeddinci iclasında bəyanat qəbul olunub. Milli Məclisdən APA-ya daxil olan həmin bəyanat mətnində bildirilir ki, AB - Azərbaycan arasında daha sıx münasibətlərin yaradılması və inkişaf etdirilməsi Avropanın hər yerində demokratiyanın ümumi dəyərlərinin qəbul edilməsi və insan hüquqlarına hörmət edilməsi hər iki tərəfin ortaq marağıdır: “Azərbaycan və Avropa Birliyinə üzv ölkələr tərəfindən beynəlxalq sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyə göstərilən qarşılıqlı hörmət Cənubi Qafqaz və bütövlükdə Avropada sabitliyi, rifahı və yaxın qonşuluq münasibətlərini möhkəmləndirməyə kömək edəcək”. Bəyanatda 2007-ci ildə Bakıda AB-nin Azərbaycanda fəaliyyətinin səmərəliliyini artıracaq tam fəaliyyət göstərən Nümayəndə Heyətinin açılması barədə çağırış olunub. Sənəddə, həmçinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olma prosesində Azərbaycan tərəfindən atılan addımlar və gələcək səylər dəstəklənir, Avropa Komissiyası buna lazımi kömək göstərməyə çağırılır, ÜTT-na daxil olmaqla bağlı danışıqların sürətləndirilməsi ehtiyacı qeyd edilir. Bundan başqa, insan hüquqları və qanunun aliliyi sahəsində hüquqi və institusional islahatların həyata keçirilməsi ilə bağlı Azərbaycana edilən zəruri texniki köməyin Avropa Komissiyası tərəfindən davam etdirilməsi ehtiyacı qeyd olunur. Sənəddə jurnalist Elmar Hüseynovun qətli ilə bağlı xüsusi narahatlıq bildirilir və bu qətli araşdıran Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən indiyədək atılan addımları qeyd olunmaqla hələ də istintaqın sona çatmamağı təəssüflə qeyd olunur və Azərbaycan hökumətini bu cinayətin təqsirkarlarının tapılması və məsuliyyətə cəlb edilməsi üçün səyləri davam etdirməyə çağırılır: “Azərbaycan rəsmilərini Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin imzalanması və ratifikasiyası üçün lazımi prosesə başlamağa çağırırıq”. Bəyanatda AB-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyini bir daha bildirir və hesab edir ki, regionda sülh və təhlükəsizliyə yalnız bu yolla nail olmaq olar: “ATƏT Minsk Qrupu tərəfindən münaqişənin BMT TŞ qətnamələri və ATƏT-in sənədləri və qərarları əsasında həllinə yönəlmiş səylərinə siyasi dəstəyin artırılmasına çağırır və bu fikri dəstəkləyir ki, Dağlıq Qarabağın gələcək statusu ilə bağlı qərar yalnız dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipi və milli azlıqlara aid insanların hüquqları nəzərə alınmaqla regionun erməni və Azərbaycan icmalarından ibarət olan bütün əhalisinin tam, bərabər və birbaşa iştirakı edəcəyi hüquqi, demokratik və dinc proseslə müəyyənləşdirilə bilər. Azərbaycanın işğal edilmiş ərazilərində separatist rejim tərəfindən təşkil edilmiş “konstitusiya referendumu”nu qətiyyətlə pisləyir və bununla bağlı öz qəti mövqeyini bildirir ki, bu hadisə münaqişənin həllinə əsas ola bilməz və təşkilat prosesi daxil olmaqla bu istiqamətdə edilən hər hansı hərəkət qanuni sayıla bilməz”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR