Nazim İbrahimov: “Azərbaycan diasporunun zəif olması barədə fikirlərlə razı deyiləm”

Nazim İbrahimov: “Azərbaycan diasporunun zəif olması barədə fikirlərlə razı deyiləm”
# 29 dekabr 2006 12:43 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA-ya müsahibəsi

- Azərbaycan diasporunun hazırkı vəziyyəti Sizi qane edirmi?
- Azərbaycan diasporunun inkişaf səviyyəsi son illərdə həndəsi silsilə ilə artmaqdadır. 10 il ərzində Azərbaycan diasporunun bu qədər inkişafı bizim ağlımıza belə gəlməzdi. Prezident İlham Əliyevin bu işə xüsusi qayğısı diasporun inkişafında dönüş yaradıb. İndi biz dünya azərbaycanlılarının həmrəyliyindən istifadə edib, lobbiçiliyin möhkəmləndirilməsi və hücum taktikasının seçilməsinə üstünlük verməliyik. Bu sahədə iş başlayıb. Azərbaycan diasporu həmişə olub. Əgər azərbaycanlı xaricdə yaşayırsa, bu elə diasporun varlığı deməkdir. Amma diasporun təşkilatlanması, istiqamətləndirilməsi, təbii ki, son illər ərzində baş verib.
- Azərbaycan diasporunun gücünü hansı səviyyədə qiymətləndirmək olar?
- Hər bir diasporun keçdiyi tarix yol var. Burada obyektiv və subyektiv cəhətlər rol oynayıb. Yaxud dünya gücləri hansısa diaspora daha çox dayaq durub. Digər tərəfdən də, biz Azərbaycan diasporu ilə məşğul olmağa yeni başlamışıq. Mən Azərbaycan diasporunun zəif olması ilə bağlı fikirlərlə razı deyiləm. Azərbaycan diasporu var və inkişaf edir. Bizim milli mənlik heç kimdən geri qalmır, bəlkə də çoxlarını qabaqlayır. Uzun illər azərbaycanlılara milli kimliyini unutdurmaq istəyiblər. Ancaq bu cəhdlərin heç biri baş tutmayıb. Bizim, sadəcə, təşkilatlanmaya ehtiyacımız var və bu iş gedir. Xaricdə yaşayan azərbaycanlılar öz təşkilatlarını yaradır, möhkəmləndirirlər. Bu da deməyə əsas verir ki, Azərbaycan diasporu güclüdür. Gələcəkdə Azərbaycan diasporunun dünyanın bütün diasporlarından güclü olacağını deyə biləcəyik.
- Azərbaycan diasporunun gücündən danışırsınız, amma diaspor təşkilatlarımızın fəaliyyətində çatışmazlıqların, ortada real həmrəyliyin olmadığını görürük.
- Heydər Əliyev Moskvadan təzə qayıtdığı vaxtlar ona sual vermişdim ki, SSRİ məkanında bir çox ölkənin sənaye potensialının bizdəkindən qat-qat artıq olması həmin respublikaların rəhbərlərinin fəaliyyətinin nəticəsi olub, ya ortada başqa bir səbəb var? O mənə maraqlı bir hadisə danışdı. Bildirdi ki, vaxtilə Kondisioner Zavodunu Bakıya gətirmək üçün SSRİ-nin siyasi bürosu qarşısında bir neçə dəfə məsələ qaldırıb. Lakin bu zavodu yenə Ukraynada tikiblər. Əslində bunu Ukraynaya rəhbərlik edən şəxslər yox, ittifaqa rəhbərlik edənlər həyata keçiriblər. Bu paraleli diaspor fəaliyyəti ilə aparsaq, deyə bilərik ki, dünyada mövcud olan erməni diasporunun gücü onların özlərininki deyil. Bəzən ermənilərə yönəlik aparılan siyasətdən heç onların özlərinin xəbəri olmur. Digər tərəfdən də, burada dini faktor böyük rol oynayır. Ermənistanla Azərbaycanın qarşı-qarşıya durduğu informasiya müharibəsində dünyanın bir çox gücü ermənilərin tərəfini tutur. Bu gücə qarşı vuruşub, ya onları öz tərəfimizə çəkməli, ya da dünyanı inandırmalıyıq ki, ədalət bizim tərəfimizdədir. Dünyanın bir çox ölkəsində erməni diasporu olmasa da, onları müdafiə edirlər. Yəni, biz “Erməni diasporu güclüdür” deyəndə, bilməliyik ki, bu güc onların gücü deyil. Qaldı həmrəyliyin olmamasına, Azərbaycan yüz illərlə başqa imperiya və dövlətlərin işğalı altında qalıb və soydaşlarımız müxtəlif ictimai formasiyalar, hətta bir-birindən xəbərsiz yaşayıblar. Buna görə ortada bir mentalitet fərqi də var. Bu səbəbdən bəzən bir-birimizlə həmrəy olmağımız çətinləşir. Digər tərəfdən, burada vaxtı ilə Azərbaycanda təşəkkül tapmış sufizm və bundan irəli gələn mənəm-mənəmlik də rol oynayıb. Bu faktları çox sadalamaq olar. Amma bunları sadalamaqla, yeni başladığımız işə ziyan gətirmiş olarıq. Biz lokal çatışmazlıqları şişirtməkdən daha çox, ümumi işimizin istiqamətini götürüb problemləri gələcək dövrə saxlamalı, tam formalaşıb, möhkəmlənəndən sonra həmin problemləri ortaya çıxarıb həll etməliyik.
- Bu yaxınlarda xaricdə yaşayan bir erməninin Ermənistanın dövlət büdcəsinə 120 milyon dollara yaxın vəsait köçürtdüyü barədə məlumat yayılmışdı. Belə faktlar bizdə niyə baş vermir?
- Biz hələ o mərhələyə gəlib çatmamışıq. Bizim tutduğumuz yol imkanından asılı olmayaraq, azərbaycanlıların yaşadıqları ölkələrdə diasporun möhkəmlənməsinə köməklik göstərməkdən ibarətdir. Razılaşın ki, dünyada güclü erməni biznesmenləri var...
- Axı, dünyada güclü azərbaycanlı biznesmenlər də az deyil.
- Bizim Ermənistandan fərqimiz var... Yeganə fikrim budur ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bizim maliyyə mənbələrimiz ölkəni tam təmin etməyə yetərlidir. Əksinə, dünyanın bir çox yerində Azərbaycan təşkilatlarına güclənmək üçün yardım etmək niyyətindəyik. Zaman gələcək, imkanlı azərbaycanlılar bizim xahişimiz olmadan Azərbaycana hansı sahədə nə kömək etmək lazım olduğunu özləri müəyyənləşdirəcəklər. Amma indi bizim heç kimdən nəyisə xahiş etmək fikrimiz yoxdur.
- Son dövrlər Azərbaycanın bir neçə güclü diaspor təşkilatı arasında parçalanma baş verib, çox zaman parçalanmanın səbəbi kimi isə Sizin rəhbərlik etdiyiniz komitə göstərilib.
- Son vaxtlar Azərbaycan dövlətinin diaspor fəaliyyətinə ayırdığı diqqət, qayğı və bu məsələnin aktuallaşması bir çox diaspor təşkilatında rəhbərlik uğrunda mübarizə yaradıb. Azərbaycan diaspor təşkilatlarının heç birində fikir ayrılığı yoxdur. Hətta parçalanan təşkilatlar belə, Azərbaycan dövlət ətrafında sıx birləşirlər, lakin rəhbərlik məsələsində razılıqları yoxdur. Əvvəllər belə problemlər çox olub. Ancaq indi diaspora verilən önəm artıb. Dinamika və iş olan yerdə bu cür problemlər olacaq. Bəzən təşkilatların çoxluğu daha güclü effekt verir.
- Son illər Azərbaycanı tərk edib gedənlər artıb, yoxsa ölkəyə gələnlər?
- Azərbaycanı tərk edib gedənlərin çoxu peşman olub. Çox zaman yuxuda gördüklərinin dalınca qaçanlar olur, lakin heç kimi orada yağ-balla gözləmirlər. Vaxtilə ölkədən gedənlərin çoxu geri qayıdıb. Biz xarici ölkələrdə yaşayan azərbaycanlılardan çoxlu məktub alırıq. Onların əksəriyyəti ölkəyə qayıtmaq istəyir.
- Dünyada yaşayan azərbaycanlıların neçə təşkilatı var?
- 300-dən çox.
- Ən güclü diasporumuz hansı ölkədədir?
- Bu suala cavab vermək istəmirəm. Bir dəfə bu məsələ ilə bağlı hətta neytral cavabımdan inciyənlər olmuşdu. Ancaq dünyanın əksər ölkəsindəki diaspor təşkilatlarımız fədakarlıqla işləyir.
- Ramil Səfərov Macarıstanda Ermənistan ordusunun zabiti Qurgen Marqaryanı qətlə yetirəndə, Sizin bu hadisəyə verdiyiniz qiymət birmənalı qarşılanmadı. Siz Ramil Səfərovun hərəkətlərinin qəhrəmanlıq olmadığını və Azərbaycanın əleyhinə işlədiyini bildirmişdiniz. Sonra isə Azərbaycanın Macarıstanda tanıdılması istiqamətində bir neçə proqram həyata keçirdiniz. Bu iş nə ilə nəticələndi?
- Biz çox iş gördük. Heç zaman boş-boş bəyanatlar verməmişik. Kimlərsə öz siyasətini Ramil Səfərovun atdığı addımlar üzərində qurmaq istəyirsə, bu yanlışdır. Bu gün də deyirəm ki, Ramil Səfərovun atdığı addımın Azərbaycanın beynəlxalq aləmdəki imicinə böyük mənfi təsiri olub.
- Amma bu hadisənin müsbət cəhətləri olduğunu deyənlər də var...
- Məsələnin başqa tərəfləri də var. Ermənilər beynəlxalq təşkilatlarda azərbaycanlıların baş kəsən olduğunu iddia edir və ortaya fakt qoyurlar. Yenə də deyirəm ki, bu işin Azərbaycana mənfi təsiri daha çox olub.
- Rusiyada qeyri-leqal miqrantlara qarşı başlayan mübarizə ilə bağlı Azərbaycanda yaradılan Dövlət Komissiyası hansı işləri görür?
- Bu məsələ ilə bağlı konkret iş görülür və narahatçılığa əsas yoxdur. Hər iki ölkənin müvafiq dövlət orqanları arasında iş gedir. Biz çalışırıq ki, problemi mümkün qədər ağrısız həll edək. Hər bir azərbaycanlının arxasında Azərbaycan dövləti dayanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR