Azərbaycanın Xarici İşlər Nazirliyi 2006-cı ilin yekunları ilə bağlı hesabat yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi 2006-cı ilin yekunları ilə bağlı hesabat yayıb
# 30 dekabr 2006 09:29 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev 2006-cı il avqustun 14-də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərlərinin II müşavirəsindəki çıxışında diplomatik xidmət orqanlarının işinə qiymət verərək, milli təhlükəsizliyin təmin edilməsi, ölkə vətəndaşlarının maraqlarının davamlı olaraq müdafiəsi və inkişaf etdirilməsi istiqamətində xarici siyasət orqanının gələcək məqsəd və vəzifələrini müəyyən edib.
XİN Mətbuat Mərkəzinin məlumatında bildirilir ki, Ermənistan və Azərbaycan arasındakı silahlı münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında nizamlanması ölkənin xarici siyasətində prioritet yer tutmaqda davam edir. İl ərzində iki ölkənin dövlət başçıları və “Praqa prosesi” çərçivəsində xarici işlər nazirləri səviyyəsində baş tutmuş danışıqlar zamanı Azərbaycan aydın şəkildə problemin həllinə konstruktiv yanaşma nümayiş etdirib və irəliləyişin əldə edilməsi üçün mövcud imkanlardan maksimal dərəcədə istifadə edib. İlk növbədə Azərbaycan ərazilərinin işğalının sona çatmasının zəruriliyi, didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtması və Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarının birgə yaşaması üçün lazımi şəraitin yaradılması, regionun kommunikasiya və sosial-iqtisadi inkişafının yenidən qurulması və sonradan onun Azərbaycan Respublikası tərkibində və Konstitusiyası əsasında hüquqi statusunun nəzərdən keçirilməsini özündə əks etdirən düşünülmüş və ölçülüb-biçilmiş strategiya davamlı olaraq həyata keçirilib.
Bu istiqamətdə göstərilmiş səylərin nəticəsi olaraq beynəlxalq ictimaiyyətin Azərbaycanın strategiyası və konstruktiv yanaşmasının dəstəklənməsinə əsaslanan mövqeyi möhkəmlənib. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyəti nəzərdən keçirdikdən sonra BMT Baş Assambleyasının 60-cı sessiyasında Azərbaycanın sözügedən məsələ ilə bağlı təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub. Bu sənəddə göstərilmiş ərazilərdə yanğınlarla bağlı ciddi narahatlıq ifadə olunub və yanğınların söndürülməsi, onların zərərli nəticələrinin aradan qaldırılması ilə bağlı ekoloji əməliyyatların keçirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma “konstitusiya referendumunun” keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi, erməni tərəfinin təsdiq olunmuş faktı sırımaq cəhdinin perspektivsizliyini bir daha təsdiqləyib. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, GUAM, dünyanın aparıcı dövlətləri, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xüsusi bəyanatlarında qondarma “referendum”un qanunsuz və heç bir hüquqi qüvvəyə malik olmaması elan edilib. Noyabr ayında NATO-nun Riqada keçirilən sammitində prinsipial və birmənalı dəstək səslənib, Cənubi Qafqaz və Moldovadakı münaqişələrin region ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əsasında sülh yolu ilə həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb.
Məlumatda daha sonra bildirilir ki, əməkdaşlığın möhkəmlənməsi və Avropa İttifaqı ilə davamlı yaxınlaşma prosesi Avropa Qonşuluğu siyasəti çərçivəsində Fəaliyyət Planının qəbulu ilə ikitərəfli dialoqun keyfiyyətcə yeni səviyyəsini və həmçinin siyasi, sosial-humanitar, iqtisadi, institutsional islahatları nəzərə alan əməkdaşlıq çərçivəsində aparılması üçün əlavə impuls yaradıb. Prezident İ.Əliyevin Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında Avropanın enerji təhlükəsizliyinin təminatına yardım məqsədilə strateji əməkdaşlıq çərçivəsində anlaşma haqqında imzalanan memorandum və həmçinin Azərbaycanın enerji infrastrukturunun təkmilləşdirilməsi və inkişafı sahəsində də fəal xarici siyasi fəaliyyətin birbaşa nəticəsidir.
Prezident İ.Əliyevin NATO-nun baş qərargahına səfəri Azərbaycanın xarici siyasətində mühüm hadisə olmaqla Azərbaycanın alyansla əməkdaşlığını yeni mərhələyə çıxarıb. Müdafiə və təhlükəsizlik sahəsində islahatların konseptual bazasının inkişafı məqsədilə vacib addımlar atılıb. Keçən il XİN-in rəhbərliyi və bütün müvafiq dövlət strukturlarının iştirakı və beynəlxalq ekspertlərin dəstəyi ilə özündə təhlükəsizlik sahəsində siyasətin planlaşdırılması və onun təmin edilməsi sisteminin inkişafında Avropa və Avro-Atlantika təcrübəsini özündə cəmləşdirən milli təhlükəsizlik konsepsiyanın hazırlanması prosesi son mərhələyə qədəm qoyub.
Azərbaycan İslam Konfransı Təşkilatının fəaliyyətində iştirakına böyük diqqət yetirməyə davam edib. 19-21 iyun 2006-cı il tarixində Bakıda keçirilmiş İKT Xarici İşlər Nazirləri Konfransının 33-cü sessiyasında Azərbaycan xarici siyasət orqanının rəhbəri bir il müddətinə Konfransın sədri seçilib. İKT Konfransında qəbul olunmuş müvafiq sənədlərdə təşkilatın Xarici İşlər Nazirləri davam edən erməni təcavüzünü pisləyərək, işğal olunmuş Azərbaycan ərazilərinin tam və qeyd-şərtsiz azad olunmasına çağıraraq, Azərbaycanla həmrəylik üzrə öz prinsipial mövqelərini bir daha təsdiqləyiblər.
Xarici iqtisadi sahədə dövlətin maraqlarının irəli aparılması qlobal və regional beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin prioritet istiqamətlərindən biri olaraq qalmışdır. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması diqqət mərkəzində olub. ÜTT-nin standartlarına uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi planının təsdiq edilməsi haqda ölkə prezidentinin sərancamı bu mənada mühüm hadisədir.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində Bakıda İƏT üzv ölkələrinin Xarici İşlər Nazirlərinin 9-cu zirvə toplantısı və 16-cı iclası keçirilib. Azərbaycanın paytaxtı həmçinin beynəlxalq və regional təşkilatlar tərəfindən həyata keçirilən bir sıra tədbirlərin mərkəzi olub.
Azərbaycanın diplomatik xidmət orqanları müvafiq beynəlxalq formatlar çərçivəsində Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır vəziyyətlərinin yüngülləşdirilməsi istiqamətində lazımi səylərini davam etdiriblər. Bununla əlaqədar olaraq BMT-nin Qaçqınlarla İş Üzrə Ali Komissarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidentinin, BMT Ümumdünya Ərzaq Proqramının icraçı direktoru və Qadın maraqlarının inkişafı üzrə BMT fondunun icraçı direktorunun Azərbaycana səfərlərini qeyd etmək lazımdır. Miqrasiya və bununla bağlı miqrasiya proseslərinin dövlət tərəfindən idarə edilməsi potensialının gücləndirilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri miqrasiya üzrə Beynəlxalq Təşkilatın Baş Direktoru Azərbaycanda səfərdə olub.
GUAM ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşməsi xarici siyasi fəaliyyətin regional istiqamətinin əsas tərkib hissəsi olaraq qalır. Ötən il Kiyev şəhərində keçirilmiş sammitdə 4 dövlət başçısı bu birliyi “Demokratiya və iqtisadi inkişaf naminə - GUAM” adlı tamhüquqlu beynəlxalq regional təşkilata çeviriblər. GUAM ölkələri ərazisində mövcud konfliktlərin həll olunması məsələlərinə və təhlükəsizliyə olan təhdidlərin qarşısının alınması üçün göstərilən əsaslı səylərin nəticəsi olaraq GUAM məkanında uzunsürən münaqişələr və onların beynəlxalq aləmə, təhlükəsizlik və inkişaf yarada biləcək çətinliklərin nəticəsi haqqında müvafiq birgə bəyanat sammitdə qəbul olunub və BMT Baş Assambleyasının gündəliyinə salınıb.
Azərbaycanın xarici siyasətin aparıcı xətlərindən biri də iyunda Almatıda keçirilən sammitin işində Prezident İlham Əliyevin iştirak etdiyi, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad üzrə Müşavirəsi çərçivəsində təhlükəsizliyə hədə və risklərə qarşıdurma sahəsində birgə yanaşmaların hazırlanmasında iştirak etməsidir.
Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunun həyata keçirməsinin nəticələrindən biri Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə dünya bazarlarına çatdırılmasına yardım edilməsi və lazımı şəraitin yaradılması üçün Qazaxıstanla əldə edilmiş razılaşma, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin başa çatdırılması və bizim Orta Asiyalı tərəfdaşlarımızın bu layihəyə cəlb edilməsi olub. Xəzər və Aralıq dənizlərini birləşdirən nəqliyyat dəhlizinin yaradılması kimi strateji cəhətdən vacib layihənin inkişaf etdirilməsi çərçivəsində Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi məsələlərinin razılaşdırılması son mərhələyə qədəm qoyub.
Azərbaycan 2009-cu ilədək BMT Baş Assambleyasının iclası zamanı yeni yaradılmış İnsan Hüquqları Şurasına Cənubi Qafqaz regionundan üzv seçilmiş yeganə dövlət olub.
Ötən il həmçinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə yadda qalıb. Prezident İ. Əliyevin xarici dövlətlərə (ABŞ, Rusiya, Yaponiya, Avropa ölkələrinə) çoxsaylı səfərləri bu prosesdə xüsusi rol oynayıb. Bundan əlavə, Azərbaycanın diplomatik təmsilçiliyi genişləndirilib və bu il Belarus, Malayzia, Mərakeş və Koreya Respublikasında səfirliklər açılıb. XİN strukturunun təkmilləşdirilməsi və diplomatların peşə səviyyəsinin artırılması üzrə iş davam etdirilib, Azərbaycan XİN-in Diplomatik Akademiyasının yaradılması haqqında ölkə prezidentinin sərəncamının icrasına başlanılıb. Azərbaycan diplomatik xidmətinin normativ-hüquqi bazası möhkəmləndirilib, dövlət başçısı Azərbaycan Respublikasının səfirlikləri və daimi nümayəndəlikləri haqqında və Nazirliyin Diplomatik Akademiyasının əsasnamələrini təsdiqləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR