Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 2007-ci ildə fəaliyyətinin əsas prioritetləri

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 2007-ci ildə fəaliyyətinin əsas prioritetləri
# 08 yanvar 2007 12:10 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı APA-ya açıqlamasında bu il atılacaq addımların partiyanın İdarə Heyətində müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə görə, YAP rəhbərliyi 2007-ci il üçün partiyanın yerli təşkilatlarının daha da gücləndirilməsini, Heydər Əliyev ideyalarının təbliğ olunmasını və prezident İlham Əliyevin atdığı addımların əhaliyə izahını prioritet hesab edir.
AXCP sədri Əli Kərimli isə APA-ya açıqlamasında bildirib ki, rəhbərlik etdiyi partiya bu il siyasi hüquqların çərçivəsinin genişləndirilməsi, Seçki Məcəlləsinə dəyişikliyin edilməsi, sərbəst toplaşmaq azadlığının bərpası, mətbuata qarşı təzyiqlərin dayandırılması və söz azadlığının qorunması istiqamətində mümkün addımları atacaq. Bundan əlavə, qiymətlərin artması ilə bağlı yaranan problemlərin həlli üçün hakimiyyətə təzyiq göstərəcəklərini bildirən Ə.Kərimli bu addımlarla bağlı partiyanın Ali Məclisinin yanvarda keçiriləcək iclasında rəsmi qərar qəbul ediləcəyini vurğulayıb.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu da APA-ya rəsmi fəaliyyət sənədinin partiyanın Ali Məclisində müəyyənləşəcəyini deyib: “Mənim fikrimcə, əsas istiqamətlər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mümkün addımları atmaq, 2008-ci il prezident seçkiləri ilə bağlı seçkiöncəsi şəraitin demokratikləşməsinə çalışmaq və Azərbaycanın Avropaya inteqrasiyasında demokratik islahatların həyata keçirilməsi üçün hökumətlə müəyyən əməkldaşlıq etməkdir”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, partiya başqanın müavini Arif Hacılı isə APA-ya açıqlamasında deyib ki, Məclisin son iclasında 2007-ci ilin fəaliyyət istiqamətləri müəyyənləşdirilib: “Əsas vəzifə kimi ümumi mənada ölkədə vəziyyətin yaxşılaşdırılması və Azərbaycanda demokratiyanın inkişafı nəzərdə tutulur. Bu istiqamətdə atılacaq addımlar sənəddə adbaad göstərilib”. A.Hacılı bu sırada 2008-ci il prezident seçkiləri, müxalifətdaxili inteqrasiya və digər məsələlər də olduğunu vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR