“Azadlıq” bloku Müsavatla birgə mitinq keçirmək niyyətində deyil

“Azadlıq” bloku Müsavatla birgə mitinq keçirmək niyyətində deyil
# 09 yanvar 2007 13:42 (UTC +04:00)
“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, iclasda ötən ilin yekunları, 2007-ci ilin fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Blok rəhbərləri ölkədə qiymətlərin bahalaşmasına etiraz olaraq kütləvi aksiyaların keçirilməsinin zəruri olduğunu bildiriblər. S. Cəlaloğlunun sözlərinə görə, “Azadlıq” blokuna daxil olan partiyaların rəhbər qurumlarında məsələ ilə bağlı müzakirələr apardıqdan sonra ümumi qərar qəbul ediləcək. Birinci müavin onu da qeyd edib ki, blok kütləvi aksiyaları ayrıca keçirmək niyyətindədir: “Müsavat Partiyasından Arif Hacılı birgə aksiyaların keçirilməsi ilə bağlı mənimlə müzakirə apardı. Amma biz hesab edirik ki, Müsavatın özünəməxsus mitinq taktikası var və bunu davam etdirməlidir. “Azadlıq” blokunun mitinq taktikası isə özünə uyğun olacaq. Buna görə də biz ayrıca kütləvi aksiyalar keçirəcəyik”. S. Cəlaloğlu aksiyanın vaxtı və yeri ilə bağlı hər hansı qərarın qəbul edilmədiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR