Enerji daşıyıcılarının qiymətinin artırılması narazılıqla qarşılanıb

Enerji daşıyıcılarının qiymətinin artırılması narazılıqla qarşılanıb
# 09 yanvar 2007 14:18 (UTC +04:00)
Müasir Müsavat Partiyası enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarının düzgün hesab etmir. MMP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə fəaliyyət göstərən bütün təşkilatlar qərarın ləğvinə çalışmalı, bu yöndə birgə mübarizə aparmalıdır. Qarabağ Azadlıq Təşkilatının (QAT) bu gün yaydığı bəyanatda da enerji daşıyıcılarının qiymətlərinin qaldırılması pislənilir. QAT-dan APA-ya daxil olan bəyanatda bu addımın qaçqın və məcburi köçkünlərin həyat tərzinə mənfi təsir göstərəcəyi qeyd edilib: “Hökumət qərarın ləğv edilməsi, ya da aztəminatlı təbəqələrə kompensasiyaların verilməsi ilə əlaqədar təcili tədbirlər görməlidir”. Azərbaycan Liberal Partiyası (ALP) da qiymətlərin qalxmasını pisləyən bəyanat yayıb. ALP-dən APA-ya daxil olan bəyanatda bahalaşmanın dayandırılması tələb edilir.
Azərbaycan Ziyalılar Birliyinin (AZB) qərarla bağlı verdiyi bəyanatda isə ölkə başçısı İlham Əliyevin baş verənlərə öz münasibət bildiriləcəyi güman edilir. AZB-dən APA-ya daxil olan məlumatda qiymətlərin bahalaşmasının ölkə ziyalılarının həyat tərzinə mənfi təsir göstərəcəyi vurğulanıb. Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) Tarif Şurasının qərarına etiraz əlaməti olaraq, yanvarın 16-da saat 12.00-də İqtisadi İnkişaf Nazirliyinin qarşısında piket keçirməyə qərar verib. AYSH-dan APA-ya verilən məlumata görə, bununla bağlı artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət Həsənova isə APA-ya açıqlamasında müxalifət partiyalarının qərardan sui-istifadə etmək istədiklərini və cəhdlərinin baş tutmayacağını söyləyib: “Müxalifət partiyaları 2003-cü ildən tam iflasa uğradılar. O vaxt yeni müxalifət formalaşmalı idi. Lakin hazırkı partiyalar bu sahəni monopoliyada saxladılar, özlərini bu işlərlə məşğul olmuş kimi göstərdilər. Regionda gedən proseslər Azərbaycana da təsir edir. Ona görə də onlar yaxşı-yaxşı fikirləşib, sonra qərar versinlər”. Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli da hesab edir ki, mitinqlərlə heç nəyi həll etmək mümkün deyil. H.Rəcəbli APA-ya açıqlamasında bu məsələlərlə əlaqədar mitinqlər keçirməyə ehtiyac olmadığını bildirib. Deputat qiymətlərin qalxmasının obyektiv səbəbləri olduğunu, burada əsas amil kimi Azərbaycanın bu il Rusiyadan qaz ala bilməməsini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR