ABŞ Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsini xətt Ermənistandan keçmədiyi üçün dəstəkləməyib

ABŞ Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsini xətt Ermənistandan keçmədiyi üçün dəstəkləməyib
# 09 yanvar 2007 15:49 (UTC +04:00)
APA-nın “Azərtac” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza bildirib. Azərbaycan prezidentinin ABŞ rəsmilərinə Azərbaycanın inkişafı, siyasi ab-havanın yeniləşməsi, siyasi sisteminin liberallaşması haqqında prioritetləri çatdırdığını vurğulayan M. Brayza Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vaşinqtona səfərini də çox uğurlu adlandırıb. 2006-cı ilin enerji sahəsində əməkdaşlıqda da mühüm olduğunu vurğulayan ABŞ rəsmisi Azərbaycanın Avratlantik icma ilə birgə işləyərək, qaz hasilatını artırmaq və Avropanın əsas bazarlarına çıxmaq, həmçinin ölkənin təbii qaza və elektrik enerjisinə olan ehtiyaclarını ancaq daxili istehsal hesabına ödəməklə bağlı qərarlarını çox mühüm adlandırıb: “ Bu, Azərbaycan üçün müstəqillik baxımından görünməmiş nailiyyətdir, Azərbaycana əsas təminatçı kimi baxan Avropa üçün isə enerji mənbələrinin zənginləşdirilməsi deməkdir. Bir sözlə, 2006-cı il münasibətlərimizdə çox müsbət olub”.
Rusiyanın Azərbaycana idxal etdiyi təbii qazın qiymətini qaldırmasına münasibət bildirən M. Brayza nikbin danışıb. O, Azərbaycanla Gürcüstanın bu qışdakı əməkdaşlığının dövlət və özəl sektorların birgə fəaliyyəti sayəsində hər iki ölkənin müstəqilliyini gücləndirməyə nail olmasının əyani sübutu hesab edib. Bu yolla eyni zamanda Azərbaycanın enerji sektorunda və tarazlı iqtisadi inkişafında mühüm rol oynayan özəl şirkətlərin maraqlarının da təmin edildiyini vurğulayan ABŞ rəsmisi Gürcüstanla Azərbaycanın əməkdaşlığının ABŞ üçün həyata keçirilmədiyini xüsusi qeyd edib: “Biz bu əməkdaşlıqla heç bir tələbimizi ödəmirik. Azərbaycanda hasil olunan qazdan ABŞ heç vaxt istifadə etməyəcək. Amma Azərbaycanda çıxarılan qaz bizi maraqlandırır. Çünki Gürcüstan və Azərbaycanın enerji müstəqilliyinin möhkəmlənməsi Avropa bazarlarının səmərəliliyini də artırır. Transxəzər qaz layihəsinin artıq reallaşmasını arzu etdiklərini bildirən M. Brayza
Azərbaycanla Türkmənistanın Xəzər dənizindəki sərhədlərə dair razılığa gəlməsini arzuladıqlarını da söyləyib. Azərbaycan, Gürcüstan və Türkiyənin bu ilin mayında Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinin maliyyələşdirilməsinə qadağa qoyan qanunun ABŞ prezidenti Corc Buş tərəfindən imzalanmasını ölkəsinin bu layihəyə müxalifliyi kimi qəbul etməyin əleyhinə olduğunu deyən M. Brayza “Biz nəqliyyat əlaqələrini artıracaq layihələri həmişə dəstəkləmişik. Şərq-Qərb dəhlizi boyunca bütün ölkələri, təkrarlayıram, bütün ölkələri birləşdirəcək layihələri inkişaf etdirməyə çalışırıq. Əlbəttə, istərdik elə bir məqam yetişsin ki, Türkiyədən Bakıya gedəcək dəmir yolu Ermənistandan keçsin. Birincisi ona görə ki, bu, bizim siyasətimizi əks etdirir, ikincisi də, mövcud dəmir yolu ilə Türkiyədən Ermənistan ərazisi ilə Gürcüstana keçmək iqtisadi cəhətdən daha məntiqidir. Amma bu qərarı biz verə bilmərik. Sərmayəçilər özləri onlara rahat olan investisiya sxemi irəli sürürlər. Əgər Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu çəkmək istəyirsə, təbii ki, biz buna etiraz edə bilmərik. Amma bu layihəni xüsusi olaraq dəstəkləmirik. Ümid edirik ki, yaxın gələcəkdə bölgənin bütün dövlətlərini əhatə edəcək nəqliyyat sxemlərinin şahidi olacağıq” deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR