Rafael Hüseynov: “Bir milyon insanın qaçqın vəziyyətinə salan dövlət Avropa Şurasında təmsil olunursa, demokratiyadan çox yüksək pafosla danışmamalıyıq”

“Demokratiya haqqında gözəl sözlər demək və əsl demokrat olmaq ayrı-ayrı anlayışlardır”. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasında “Avropada demokratiya və insan haqlarının vəziyyəti” mövzusunda müzakirələr zamanı çıxış edən millət vəkili Rafael Hüseynov söyləyib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, Rafael Hüseynov çıxışında əsas diqqəti Azərbaycan torpaqlarının işğal olunması faktı üzərində cəmləşdirib: “Bəzən elə olur ki, üç-beş insanın tapdanmış hüquqlarının bərpası üçün biz son dərəcə fədakarlıqla mübarizə aparırıq, amma gözümüzün qarşısında olan, elə həmin üç-beş nəfərlə eyni mühitdə yaşayan yüz minlərlə hüquqları daha çox tapdanmış insanı unuduruq. Yaxud onların haqları uğrunda lazımi qaydada mübarizə aparmırıq. Nümunə uzaqda deyil. Azərbaycan işğala məruz qalmış ölkədir. Azərbaycanın bir milyona yaxın vətəndaşı evini, var-dövlətini, sağlamlığını, rahatlığını, normal təhsil almaq imkanını və bir çox haqlarını itirib, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkumdur. Bu proses 15 ilə yaxındır bütün dünyanın gözü qarşısında baş verir. Azərbaycan Avropa Şurasının üzvü olan yeganə dövlətdir ki, bu vəziyyətdədir”. Rafael Hüseynov Avropa Şurasının bu ikili yanaşmanı aradan qaldırmaq üçü çox iş görməli olduğunu deyib: “Bir milyona yaxın insan qaçqın, köçkün həyatını bizim gözlərimiz qarşısında yaşamaqda davam edirsə və bunun səbəbkarı elə bizim öz aramızda, Avropa Şurasındadırsa, biz demokratiya, insan haqları məsələsindən çox yüksək pafosla danışmamalıyıq”. /APA/
Daxili siyasət

Milli Məclisin payız sessiyası çərçivəsində ilk plenar iclasının gündəliyi açıqlanıb

Ramin Məmmədovun Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü gözlənilir

Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən qətliam və soyqırımılarının hər biri sənədləşdirilməlidir
