Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi aylıq hesabatını açıqlayıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi aylıq hesabatını açıqlayıb
# 07 may 2007 14:02 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) aprel ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair aylıq hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bu məqsədlə mətbuat konfransı keçirib. ABŞ-İran münasibətlərindəki gərginliyin ötən ay da davam etdiyini deyən M. Əhmədoğlu rəsmi Tehranın konkret məsələlər üzrə qeyri-müəyyən siyasət apardığını bildirib. Politoloq qeyd edib ki, son vaxtlar dünyada gərginlik ocaqlarının sayı artmaqdadır: “Son zamanlar Ukraynada, Türkiyədə, qaz “OPEK”-i və enerji məsələləri ətrafında baş verənlər, ABŞ-ın Avropada RƏMS yerləşdirməsi gərginlik mənbələrinin sürətlə artdığını göstərir”. Aprel ayında Mərkəzi Asiya regionunda baş verən ictimai-siyasi hadisələrə münasibət bildirən M. Əhmədoğlu region dövlətləri arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib. Cənubi Qafqaz regionuna gəlincə, SİTM sədri Buş administrasiyasının Rusiyanın bölgədə “neqativ davranışından” narahat olduğunu deyib. Azərbaycana gəlincə, M. Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəsmi Bakının apardığı siyasətdə keyfiyyət dəyişikliyinin olduğunu qeyd edib: “Ölkənin iqtisadiyyatı və ümumi nüfuzu yüksəlməklə yanaşı, həm diplomatik, həm də qoşunların təmas xəttində hərbi aktivlik artırılır. ABŞ Dövlət Departamentinin insan hüquqlarının vəziyyəti ilə bağlı ənənəvi illik hesabatında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ermənilər tərəfindən edilmiş dəyişikliklərin aradan qaldırılması bütövlükdə Azərbaycanın çox ciddi uğurudur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR