Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Məclisin qərarına etiraz olaraq toplantını tərk ediblər

Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Məclisin qərarına etiraz olaraq toplantını tərk ediblər
# 30 iyun 2007 10:53 (UTC +04:00)
Rayon təşkilatlarının sədrlərinin Məclis üzvlüyünün təsdiqindən sonra partiyadaxili məsələlər müzakirə olunub. Gənclər Təşkilatının yeni seçilən sədrinin Məclis üzvlüyünə təsdiqi ilə əlaqədar müzakirələrdə isə mübahisə yaranıb. Məclis sədri Sülhəddin Əkbər bildirib ki, Gənclər Təşkilatının iclası Nizamnaməyə uyğun keçirilmədiyi üçün Divanda yaradılan komissiya tərəfindən bu məsələ araşdırılıb və konfransın səlahiyyətli olmaması haqda qərar qəbul edilib. O, həmçinin, gənclik yaşının 29-a endirildiyini xatırladaraq, konfransın yenidən keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. Lakin Gənclər Təşkilatının üzvləri buna etiraz ediblər. Müsavat Partiyası Mərkəzi Aparatının sədri Arif Hacılı isə deyib ki, Gənclər Təşkilatının yığıncağında konfransa seçilən 114 nəfərdən 45-i iclasda iştirak edib. O, nəticənin Divan tərəfindən ləğvinə haqq qazandırıb, bununla yanaşı, partiyadaxili proseslərin qabardılmasının əleyhinə olduğunu söyləyib: “İndiki məqamda cəmiyyətin diqqətini Müsavat daxili problemlərə yönəltməyə ehtiyac yoxdur”. Məclis üzvü Rafiq İsmayıl isə Gənclər Təşkilatının konfransı ilə bağlı səslənən fikirlərə etiraz edib. Bundan sonra məsələ səsverməyə çıxarılıb. Lakin Divanın bu məsələ ilə əlaqədar qərarı və Gənclər Təşkilatının sədrinin Məclis üzvü səlahiyyətlərinin təsdiqi qəbul olunmayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbərin təklifi ilə yenidən səsvermə keçirilib. Bu dəfə keçirilən səsvermədə isə Divanın həmin məsələ ilə bağlı qərarı qəbul edilib. Bundan sonra toplantıda iştirak edən gənclər Məclisin qərarına etiraz əlaməti olaraq, yığıncağı nümayişkaranə şəkildə tərk ediblər. Partiyanın dəhlizində isə gənclərlə digər Məclis üzvləri arasında qarşıdurma yaranıb. Nəticədə gənclər partiyanın qərargahını da tərk etmək məcburiyyətində qalıblar. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR