Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifələri müəyyənləşib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifələri müəyyənləşib
# 08 sentyabr 2022 18:28 (UTC +04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifələri müəyyənləşib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, bunlar aşağıdakılardır:

- müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

- dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətini əlaqələndirmək;

- aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinə fərqlənmə nişanlarının tətbiqi ilə əlaqədar müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək;

- müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

- Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini və bu sahədə nəzarəti həyata keçirmək;

- beynəlxalq avtomobil daşımaları sahəsində icazə blanklarının mübadiləsi üzrə kvotaların müəyyən edilməsi ilə əlaqədar Nazirliyə təkliflər vermək, habelə icazə blanklarının mübadiləsini və uçotunu aparmaq;

- xarici ölkələrin birdəfəlik “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələri (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrin operatorlar arasında bölgüsünü və uçotunu aparmaq;

- Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarını xarici ölkələrin birdəfəlik “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələri (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrlə təmin etmək;

- Azərbaycan Respublikasında dövlət qeydiyyatında olan avtonəqliyyat vasitələrini kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə” blankı ilə operativ qaydada təmin etmək üçün xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər görmək;

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunu aparmaq;

- Azərbaycan Respublikasının ərazisində (gömrük sərhəd buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarına nəzarət etmək;

- avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün tədbirlər görmək;

- avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək;

- dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə daşıyıcıları müsabiqə qaydasında cəlb etmək, müsabiqənin qalibləri ilə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlamaq və müqavilə şərtlərinə əməl olunmasına nəzarət etmək;

- avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq daşıma marşrutlarının pasportunu hazırlamaq və onları daşıyıcılara təqdim etmək;

- müntəzəm sərnişindaşıma xidmətləri yerinə yetirən avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer xidməti yaratmaq və onun fəaliyyətini təşkil etmək;

- müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlər görmək;

-rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək;

- beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən daşıyıcıların, belə daşımaları yerinə yetirən sürücülərin, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyətinin və sürücülərin iş və istirahət rejiminə nəzarəti həyata keçirən dövlət orqanı əməkdaşlarının rəqəmsal taxoqraf kartları ilə təmin edilməsi üçün tədbirlər görmək;

- “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək;

- avtovağzalların (avtostansiyaların) göstərdikləri xidmətlərin səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunan kateqoriyalara uyğunluğuna nəzarət etmək, avtovağzalın (avtostansiyanın) pasportla müəyyən olunmuş kateqoriyasını dəyişmək;

- avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək;

- avtomobil nəqliyyatının infrastruktur obyektində (ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla) beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, yerüstü nəqliyyatın hərəkəti ilə bağlı Nazirliyə təkliflər vermək;

- avtomobil nəqliyyatı ilə ölkədaxili daşımalar bazarının qorunması, daşımalar bazarında azad rəqabət mühitinin inkişaf etdirilməsi üçün tədbirlər görmək;

- müvafiq sahədə ətraf mühitin mühafizəsinə dair təkliflər vermək;

- müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təşkil etmək;

- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlar istisna olmaqla, avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), eləcə də beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair proqramlar üzrə hazırlıq və yenidən hazırlıq keçmələrini təşkil etmək və həyata keçirmək;

- qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər (sertifikatlar, şəhadətnamələr və s.) vermək, müvafiq məsələlərə münasibət bildirmək;

- müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə, habelə gediş haqlarının mövcud tariflərə uyğun ödənilməsinə nəzarət etmək;

- avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti daxilində yoxlamaq;

- taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən və akkreditasiya attestatı olan xidmət mərkəzlərini (servis emalatxanalarını) registrdə qeydiyyata almaq və onların fəaliyyətinin “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının müddəalarına uyğunluğuna nəzarət etmək;

- daşıyıcılar tərəfindən nəqliyyat vasitələrinin enerji istehlakının azaldılması, əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması, şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.) yaradılması barədə təkliflər vermək;

- yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına razılıq vermək;

- müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

- Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

- kargüzarlığın aparılması işini və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- balansında olan dövlət əmlakını və maliyyə vəsaitlərini idarə etmək, onlardan səmərəli istifadə etmək;

- Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

- Agentliyin struktur bölmələrinin fəaliyyətinə nəzarət etmək, onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək;

- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR