Azərbaycanda şel şirkət olan müştərilər müəyyən ediləcək

Azərbaycanda şel şirkət olan müştərilər müəyyən ediləcək
# 28 fevral 2023 17:17 (UTC +04:00)

Öhdəlik daşıyan şəxslər tərəfindən hüquqi şəxslərlə işgüzar münasibətlərin məqsəd və mahiyyəti araşdırılacaq, bu çərçivədə onların şel şirkət (dövlət qeydiyyatına alınmış fiziki mövcudluğu olmayan hüquqi şəxslər) olub-olmamasının araşdırılmasına dair metodoloji meyarlar hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin iyulunadək şel şirkət olan müştərilərin müəyyən edilməsini, müəyyən edilmiş şel şirkətlərdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması məqsədilə istifadə olunmasının tipik üsul və vasitələrinin müəyyən edilməsini, şel şirkətlərdən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması məqsədilə istifadənin qarşısının alınmasını təmin etməlidir.

Maliyyə Monitorinqi Xidməti 2023-cü ilin sentyabrınadək müəyyən edilmiş şel şirkətlərlə işgüzar münasibətlərin dayandırılmasına dair beynəlxalq təcrübənin öyrənilməsi və qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin araşdırılmasını da təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR