Baş nazir: “Prezident Qarabağ və Şərqi Zəngəzur torpaqlarında başlanan “Əsrin tikintisi”nin baş icraçısıdır”

Əli Əsədov, Baş nazir

© APA | Əli Əsədov, Baş nazir

# 23 dekabr 2021 13:49 (UTC +04:00)

Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə “Azərbaycanın tarixi uğurlarındakı möhtəşəm imza” başlıqlı məqalə yazıb.
APA-nın məlumatına görə, məqalədə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyev son iki yüz illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan qurtaran müzəffər dövlət başçısı kimi əbədi şöhrət qazandı.
“Əsrin müqaviləsi”ndən bəhs edən Baş nazir qeyd edib ki, bu dövrdə Ulu Öndər yüksək intellektinə, praqmatik düşüncəsinə bələd olduğu İlham Əliyevə gələcək sosial-iqtisadi inkişafın təməli kimi müəyyənləşdirdiyi yeni neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmək vəzifəsi tapşırıb. Dövlət Neft Şirkətində əvvəlcə vitse-prezident, sonra birinci vitse-prezident vəzifələrində çalışarkən İlham Əliyev çox gənc yaşlarından əxz etdiyi diplomat keyfiyyətlərini, zəngin tarixi və iqtisadi biliklərini xalqımızın və ölkəmizin gələcək taleyi baxımından həlledici əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”nin hazırlanmasına, bu zaman milli-dövlətçilik maraqlarımızın tam təmin edilməsinə sərf edib və göstərilən etimadı doğruldub. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda imzalanan, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş saziş isə tarix səhifəsinə “Yeni əsrin müqaviləsi” kimi yazıldı. Beləliklə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı”.
Əli Əsədov İlham Əliyevin Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri, sonralar sanballı təşkilatın vitse-spikeri və Büro üzvü kimi Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) cəsarətli və təsirli çıxışlarını xatırladıb: ‘Həmin dövrdə ölkəmizin Avropa məkanında nüfuzunun daha da artmasında, indi keçmişdə qalan münaqişə, Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti barədə Qərb dünyasında doğru-dürüst rəy yaradılmasında, erməni terrorunun ifşa olunmasında İlham Əliyevin xidmətləri böyükdür”.
Məqalədə vurğulanıb ki, Milli Olimpiya Komitəsinin sanballı, intizamlı bir quruma çevrilməsi İlham Əliyevin adı ilə birbaşa bağlıdır.
Baş nazir Əli Əsədov qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev növbəti prezident seçkiləri ərəfəsində, 2003-cü il 1 oktyabr tarixli müraciətində əziz xalqını özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıb. Ümummilli lider İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb. 2003-cü ilin 31 oktyabrında Vətənə, xalqa və dövlətə sədaqət andı içərkən Prezident İlham Əliyev bu böyük etimadı doğruldacağına, Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz verib. Bu andı sonralar daha üç dəfə - 2008, 2013, 2018-ci illərdə xalqın etimadı ilə bir daha təkrarlayıb, hər dəfə verdiyi vədi layiqincə yerinə yetirərək, dövlətçilik ənənələrimizin qorunub saxlanması və zənginləşdirilməsi üçün əsl liderlik nümunəsi göstərib və bu gün də quruculuq missiyasını şərəflə davam etdirir: “İlham Əliyevin liderlik missiyası yalnız 10 milyonluq bir ölkəni deyil, sayı bundan beş dəfə çox olan dünya azərbaycanlıları toplumunu əhatə edir. Dövlətimizin başçısı hansı coğrafiyada yaşamasından asılı olmayaraq, bu yurdun vətən təəssübü çəkən hər bir övladı üçün əzizdir, dəyərlidir”.
Baş nazir xatırladıb ki, Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçilib, bu qurumun iclaslarına sədrliyi dövründə İlham Əliyev dünyanı düşündürən, narahat edən, təhlükəsizliyə təhdidlər törədən, yoxsulluğun aradan qaldırılması, zəif inkişaf etmiş ölkələrə dəstək göstərilməsi ilə bağlı məsələlərin müzakirəyə çıxarılmasına nail olub, qlobal miqyaslı lider kimi BMT-nin özünü islahatlar aparmağa çağırıb. İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatının üzvü, 2019-cu ildən isə sədridir və bu missiyanı gələn il də davam etdirəcək. Azərbaycan 2020-ci ilin əvvəlində dünyanın COVID-19 pandemiyasına məruz qaldığı dövrdə hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq, pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Elə bu günlərdə dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul olunub. Türk Dövlətləri Təşkilatının bu il keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi isə dövlətimizin başçısının türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə verilən yüksək qiymətdir. İqtisadi sahədə qazanılan uğurlardan söz açan Baş nazir xatırladıb ki, bir vaxtlar dünyadakı bəzi dairələrin gerçəkləşəcəyinə skeptik yanaşdığı, hətta mane olmağa cəhd göstərdiyi Bakı-Tbili-Qars dəmir yolunun tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin özünəməxsus qətiyyətinin və təşəbbüsçüsü olduğu irimiqyaslı layihələrin gələcəyinə dərin inamının təcəssümüdür. Bu beynəlxalq nəqliyyat infrastrukturundan indi Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Çin, Qazaxıstan, Orta Asiya və Avropa ölkələri də böyük fayda götürürlər: “Milli-mənəvi sərvətlərimizin daha da zənginləşməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanlarının bu sahənin inkişafına dəstəyini daim artırır. Birinci vitse-prezident, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir”.
Əli Əsədov Azərbaycanın Zəfərini regionumuzda yeni reallıqlar yaratmasına diqqət çəkib: “Hazırda ermənilərin yaşadıqları ərazilərin bilavasitə Azərbaycanın iqtisadi rayonları tərkibində təsbit edilməsi bədnam “status” nisgili ilə yaşayanlara siyasi-hüquqi cəhətdən sərt və qətiyyətli cavabdırsa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın tarixi, əzəli torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasına son qoymaq, tarixi ədaləti bərpa etmək addımı, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyən Prezident İlham Əliyevin yenilməz iradəsinin və qətiyyətinin ifadəsidir. Təəssüf ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin isə dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir. Bununla belə, Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həmin iqtisadi rayonlarda iri infrastruktur layihələrinin icrası davam etdirilir, ilk növbədə, yol-nəqliyyat, enerji, su təchizatı şəbəkələri qurulur, ekoloji terrorun nəticələri aradan qaldırılır, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür. Prezident İlham Əliyev 1994-cü ilin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının baş icraçısı olduğu kimi, bu gün də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında 2021-ci ildən başlanan “Əsrin tikintisi”nin baş icraçısıdır”.
Baş nazir qeyd edib ki, dövlətimizin başçısının bu günlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Belçika Krallığının paytaxtı Brüsseldə keçirdiyi görüşlər onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqlədi: “Dövlətimizin qüdrətli rəhbərinin, xalqımızın qəhrəman liderinin bundan sonra da Azərbaycanı yeni-yeni zəfərlərə çatdıracağına əminik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR