BMTM-də Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

BMTM-də Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO
# 27 sentyabr 2022 11:50 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM ) Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

APA xəbər verir ki, dəyirmi masada çıxış edən BTMT sədri Fərid Şəfiyev bildirib ki, 30 il ərzində Ermənistan tərəfinin "narrativi" ondan ibarət idi ki, "müstəqil Artsax Respublikası" var və Azərbaycan bununla barışmalıdır, lakin Azərbaycan tərəfi bunu qəbul etməyib, Qarabağ Azərbaycanın ərazisidir və beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərdir.

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, artıq münaqişə bitib. Müharibədən əvvəl münaqişənin gündəliyi ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən olurdu, Madrid prinsipləri vardı, ancaq Ermənistan tərəfi bu prinsiplərdən imtina etmişdi", - Fərid Şəfiyev qeyd edib.

BTMT-nin sədri deyib ki, Azərbaycan post-münaqişə dövründə Ermənistanla dörd istiqamətdə - sülh sazişinin əldə olunması, sərhədlərin delimitasiyası, dəhlizlərin açılması və humanitar məsələlər üzərində işləyir.

Fərid Şəfiyev Azərbaycan və Ermənistan tərəfləri arasında baş tutan yüksək səviyyəli görüşlərə də toxunub: “Çox güman ki, Vaşinqtonda səfərdə olan Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistandan olan həmkarı ilə görüşəcək. ABŞ tərəfinin prosesdə iştirakını hələ bilmirik”.

Fərid Şəfiyev Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan da danışıb. O deyib ki, sonuncu hadisələrlə bağlı informasiya boşluğu vardı, bununla bağlı istər beynəlxalq ictimaiyyət, istərsə də yerli auditoriya məlumatlandırılmalıdır və məlumat boşluğu yanlış iddialara yol açır.

Daha sonra BMTM-nin İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxış edib. O, 44 günlük müharibəyə gedən yol barədə danışıb: “Minsk Qrupu 28 il ərzində uğursuz vasitəçilik etdi. Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycan tərəfində ümidlər vardı, Paşinyanın verdiyi mesajlar da ümidlər doğururdu. Lakin Paşinyan seçki vədlərinə əməl edə bilmədiyi üçün provokasiyalara başladı. Onun bəyanatı, Şuşa səfəri, Qarabağda saxta "parlament seçkisi", Yaxın Şərqdən erməni əsilli ailələrin Azərbaycan ərazilərinə köçürülməsi, silahlı provokasiyaların başladılması, Tovuza hücum və s. rəvac verdi ki, Azərbaycan əks hücum əməliyyatına hazırlaşsın. Ermənistan tərəfinin sistemli şəkildə provokasiyaları müharibəyə gətirib çıxardı. Onlar düşünürdülər ki, Azərbaycanın yeni torpaqlarını işğal edə bilərlər".

Esmira Cəfərova Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın çıxışını xatırladıb: "Azərbaycan illər ərzində sülh prosesi ilə yanaşı, həm də hərbi imkanlarını gücləndirirdi. İllər ərzində bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur, Azərbaycan bu münaqişəni hərbi siyasi yolla həll etdi".

Mərkəzin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib ki, Azərbaycan və Ermənistan arasında ciddi problemlər qalmaqdadır və Azərbaycan tərəfi bu problemləri aradan qaldırmaq üçün sülh prosesini başlatdı: "Bu proses 4 istiqamətdə davam edir, bu istiqamətlər Azərbaycanın haqlı mövqeyini ifadə edir. Azərbaycanın rəsmi mövqeyi odur ki, 4 istiqamət üzrə Ermənistanla razılaşa bilsək, regionda uzunmüddətli sülhə nail ola biləcəyik. Həmçinin, Azərbaycan qarşı tərəfə beş baza prinsipi təqdim edib, ancaq Ermənistan tərəfindən adekvat cavab verilməyib."

O, Ermənistan Baş nazirinin BMT-dəki çıxışına da münasibət bildirib: “Bu çıxışı o ölkənin hökumət başçısı etdi ki, onun ölkəsi 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb, bu torpaqlarda maddi-mədəni irs məhv edilib”.

O, Ermənistana "havadarlıq edən ölkələr" barədə deyib ki, 30 il ərzində bu ölkələr Ermənistana hərbi, maliyyə yardımları edilib, bəzi ölkələr işğal faktına qarşı susqunluq nümayiş etdirib, bununla da işğalı dəstəkləyib: “Azərbaycan öz prinsipial mövqeyindən imtina etməyəcək, Azərbaycan regionda davamlı sülhə nail olmaq istəyir”.

Dəyirmi masa müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR