BMTM əməkdaşlarının 116 məqaləsi xarici mediada dərc olunub

BTMT

© APA | BTMT

# 28 dekabr 2021 12:28 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 2021-ci il üzrə fəaliyyətin yekunlarına dair mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, BMTM-nin sədri Fərid Şəfiyev Mərkəzin 2021-ci ildəki fəaliyyəti ilə bağlı jurnalistləri məlumatlandırıb.

Daha sonra Mərkəzin İdarə Heyətinin üzvü Esmira Cəfərova BMTM-nin illik fəaliyyəti ilə bağlı təqdimat edib.

Bildirilib ki, BMTM bu il ərzində ölkənin xarici siyasət məsələləri, xüsusilə postmünaqişə dövrü və yeni əməkdaşlıq imkanlarının təhlili, Azərbaycan həqiqətlərinin dünya və yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Fəaliyyət əsasən qapalı və açıq hesabatların hazırlanması, yeni əməkdaşlıq əlaqələrinin qurulması, aktual mövzulara dair qapalı və açıq tədbir və vebinarların keçirilməsi, xarici mediada çıxışlar və məqalələrin dərc olunması, yerli yazılı mediada və efirlərdə çıxışlar və sosial mediada aktiv olmaq istiqamətində qurulub. İl ərzində Mərkəz tərəfindən 120-dən çox daxili və 40-a yaxın publik arayış və hesabatlar hazırlanıb. Açıq hesabatlara dair xüsusilə “Ermənistanda azərbaycanofobiya: Ermənilərin müharibədən əvvəlki və sonrakı diskursunda nifrət nitqi”, “44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr”, “Ermənistanın Azərbaycana məxsus mədəni və tarixi irsi mənimsəməsi”, “Zəngəzur dəhlizinin açılmasının regional nəqliyyat və kommunikasiya xətlərinə təsiri”, “Ermənistanda PKK: PKK terrorçularının Azərbaycanla Ermənistan arasındakı müharibəyə cəlb olunması” kimi hesabatlar diqqət çəkib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ingilisdilli nəşri olan və ildə iki dəfə buraxılan “Caucasus Stratejic Perspective” jurnalının il üçün 1-ci sayı yayda dərc olunub. Bildirilib ki, 2-ci sayı tezliklə dərc olunacaq.

Bu il ərzində BMTM bir sıra kitablar və jurnallar nəşr etdirib və bır sıra kitabların bölmələri Mərkəz əməkdaşları tərəfindən yazılıb. Türkiyənin “Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vaqfinin (SETA) hazırladığı “Dalandan çözümə: Qarabağ problemi” kitabının 3 bölməsi Beynəlxalq Münasibətlərin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Cavid Vəliyev və baş məsləhətçisi Vasif Hüseynov tərəfindən yazılıb. Bununla yanaşı, ADA Universiteti tərəfindən dərc edilmiş “Liberated Karabakh” (“Azad edilmiş Qarabağ”) kitabının iki yazarı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və üzvü Gülşən Paşayevadır.

Həmçinin bu il F. Şəfiyevin “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” adlı kitabı, Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsaiti, Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsovun “2020-ci ildə Qarabağ uğrunda müharibə: bir il sonra” və Qafar Çaxmaqlının müəllifi olduğu “Erməni ideologiyasında irqçi motivlər” adlı kitabı dərc olunub.

2021-ci ilin yanvar-dekabr aylarında BMTM əməkdaşlarının xarici nüfuzlu nəşrlərdə 116 məqaləsi dərc olunub. 40-dan çox məqalə ispan və italyan dilli xarici mediada təkrar çap edilib. Məqalələr xüsusilə 44 günlük müharibədən sonra regionda vəziyyət, yaranmış iqtisadi imkanlar, COVID-19 pandemiyası, Qoşulmama Hərəkatı, enerji və digər məsələlərə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR