BŞİH ADR Partiyasının piket keçirməsini məqsədəuyğun saymayıb

BŞİH ADR Partiyasının piket keçirməsini məqsədəuyğun saymayıb
# 19 avqust 2022 15:27 (UTC +04:00)

Azərbaycan Demokratiya və Rifah Partiyasının qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyinin binası qarşısında piket keçirilməsiylə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

APA-nın məlumatına görə, Hüseyn Məlik, Əlövsət Talışxanlı və Əlövsət Sadıxlının imzaladığı müraciətdə bildirilib ki, avqustun 24-də saat 12.00-da 13.00-a qədər keçirilməsi planlaşdırılan piketin ümumi məqsədi ADR Partiyasının qeydiyyatla bağlı sənədlərinin indiyə qədər iki dəfə Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılmasına etirazdır.

Bildirilib ki, piketin ADR Partiyasını qeydiyyata alın!”, “ADR Partiyasının qeydiyyatı üçün süni əngəllər yaratmayın!”, “ADR Partiyasının qeydiyyatını uzatma, qeydiyyata alın!” şüarları ilə keçirilməsi nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyəti bu gün aksiya ilə bağlı müraciətə cavab verib və piketin keçirilməsi məqsədəuyğun sayılmayıb. Qeyd edilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsinin və 9-cu maddəsinin 3-cü hissəsinin tələblərinə cavab vermədiyi üçün Ədliyyə Nazirliyinin binasının qarşısında piket məqsədəuyğun hesab edilmir.

Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin birinci hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR