Ceyhun Bayramov UNESCO-nun xoşməramlı səfiri Hedva Seri qəbul edib

Ceyhun Bayramov UNESCO-nun xoşməramlı səfiri Hedva Seri qəbul edib
# 03 sentyabr 2022 15:53 (UTC +04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Seri qəbul edib.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov Hedva Serin dünyada sülh naminə fəaliyyətini və bu xüsusda həyata keçirdiyi çoxsaylı layihələri məmnunluqla vurğulayıb. O, UNESCO üzrə Azərbaycan və Andorra Milli Komissiyaları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşada həyata keçirilən "Youth Art Camp" layihəsinə olan diqqətinə görə Hedva Serə təşəkkür ifadə edib. Şuşa şəhərinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan nazir, şəhərin azad edilməsindən sonra burada həyata keçirilən quruculuq işləri, habelə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti ilə üzləşdiyi, 2020-ci ildə 44 günlük müharibə ilə ərazilərini işğaldan azad etdiyi və hazırda beynəlxalq hüquq əsasında münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində səylər göstərdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xanım Hedva Ser səmimi qəbula görə təşəkkür etdib. O, Azərbaycana cari il ərzində 3-cü səfərini reallaşdırdığını məmnunluqla vurğulayıb. Azərbaycandakı tolerantlıq, müxtəlif dinlərin və etnik qrupların bir arada sülh şəraitində yaşamaq ənənəsini yüksək qiymətləndirdiyini söyləyib. UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi “Sülhə gedən yol” layihəsindən bəhs edərək, Azərbaycanın bu layihəyə dəstək verdiyini minnətdarlıqla bildirib və bu xüsusda hələ 2015-ci ildə Bakıda, müəllifi olduğu sülh abidəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə ucaldıldığını qeyd edib.

Görüş zamanı Azərbaycan tərəfindən humanitar sahənin, o cümlədən elm, təhsil, mədəniyyət inkişafı istiqamətində görülən işlər barədə məlumat, eləcə də inkişaf etməkdə olan ölkələrin tələbələrinə təhsil qrantlarının ayrılması, habelə bu ölkələrə humanitar yardımların ayrılması və s. barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR