Deputat: "Azərbaycanın beynəlxalq arenada rolu artır"

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 13 yanvar 2022 18:00 (UTC +04:00)

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuz Zəfər dastanını yazdı. Bu Zəfərinin əsasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, məhz bu düşünülmüş, bütün sahələrin inkişafını hədəfləyən siyasət nəticəsində ölkəmiz regionun liderinə çevrilib. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən işlər zamanı da bu vaxta kimi qazandığımız uğurlar, iqtisadi nailiyyətlər öz sözünü deyir və deyəcək: “2021-ci il də Azərbaycan üçün bütün sahələrdə, o cümlədən iqtisadi baxımdan uğurlarla yadda qalıb. Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bəyan etdiyi kimi ilin yekunlarına əsasən ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Bu, xüsusilə müharibədən çıxmış ölkə üçün çox gözəl göstəricidir. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Dövlət başçısının vurğuladığı kimi bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”.
V. İskəndərov diqqətə çatdırıb ki, sənaye istehsalında da artım qeydə alınıb: “Həm ümumi sənaye istehsalımız 5 faizdən çox, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Keçən il böyük xərclərimizin olmasına baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Digər tərəfdən, Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb”.
Deputatın sözlərinə görə, bu ilin büdcəsi tarixdə ən böyük büdcə olacaq: “Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə var. Bu il investisiya layihələri azad olunmuş torpaqlarda da davam etdiriləcək”.
V. İskəndərov vurğulayıb ki, həm iqtisadi sahədə əldə edilən uğurlar, həm də Vətən müharibəsindəki tarixi Zəfərimiz Azərbaycanın regionda aparıcı söz sahibi olmasına və beynəlxalq arenadakı rolunun daha da artmasına təkan verib: “Təsadüfi deyil ki, bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən Azərbaycanın fəaliyyətilə bağlıdır və bizim təşəbbüslərimizin, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilməsi üçün zəmin olan təşəbbüs kimi qəbul edilir”.

Deputat Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyinə də diqqət çəkib: “Pandemiya dövründə bizim gördüyümüz işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək Qoşulmama Hərəkatının nüfuzunu artırır”.
Deputat bildirib ki, Azərbaycan pandemiyaya qədər Beynəlxalq Yardım Agentliyinin xətti ilə biz çox ölkələrə humanitar yardım göstərib, pandemiya dövründə isə biz 80-dən çox ölkəyə yardım etmişik: “Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Dövlət başçısının dediyi kimi bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb”.

V. İskəndərov qeyd edib ki, müharibədən sonrakı dövrdə Azərbaycanın Qərb, Avropa qurumları və dövlətləri ilə əməkdaşlığı daha da sıxlaşıb. Artıq aparıcı dövlətlər və xarici qurumlar Azərbaycanın regionda yaratdığı reallığı qəbul edərək, ölkəmizin irəli sürdüyü təşəbbüs və layihələrdə iştiraka hazır olduqlarını bildirirlər: “Bu da Azərbaycanın beynəlxalq arenadakı rolunun daha da artması ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR