Deputat: “Ermənistan Azərbaycanla bir masa arxasında oturmalı, 5 təklifi qəbul etməlidir”

Bəhruz Məhərrəmov

© APA | Bəhruz Məhərrəmov

# 02 aprel 2022 17:21 (UTC +04:00)

“Artıq münaqişənin başa çatması, ATƏT isə münaqişənin yox, postmünaqişə dövrü reallığını qəbul edərək bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında rol oynamaqda maraqlı olması ilə bağlı tezis ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun Prezident İlham Əliyevlə görüşü zamanı ana xətlərindən birini təşkil etdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, belə bir siyasi situasiyada Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun prosesə qayıtması və məsələlərin onun vasitəçiliyi ilə həllinin üzərində dayanmağa çalışmasının faktiki olaraq heç bir perspektivi qalmır: “Eyni zamanda, ATƏT sədri ilə görüşdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində Avropa İttifaqının səyləri, xüsusən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq növbəti görüşün məhsuldar olacağına ümidini ifadə etməklə 30 il nəticə əldə etməyən ATƏT-in Minsk Qrupunun faktiki fəaliyyətsiz bir quruma çevrildiyini nümayiş etdirmiş oldu.

Hazırda isə Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü 5 təklif əsas müzakirə mövzusudur. Həmin təkliflər bu kimi halların nizamlanmasında baza prinsipləridir və beynəlxalq təcrübədə də geniş istifadə olunur. Ermənistan üzdə həmin təklifləri qəbul etdiyini və sülh müqaviləsinə hazır olduğunu göstərir. Lakin arxada öz ikili oyununu davam etdirir, hansısa təklif və şərtlərlə çıxış etməyə çalışır. Amma Ermənistan başa düşməlidir ki, gec və ya tez Azərbaycanla bir masa arxasında oturmalı və sülh müqaviləsini imzalamalıdır”.

Deputat Ermənistandan Azərbaycana dair müsbət meyllərin olmasının üzərində xüsusi vurğu vurulmasına münasibət bildirib: “Bu özlüyündə müsbət məqamdır. Lakin, prosesləri təhlil etsək, aydın olar ki, çox məharətli konfiqurasiyalar ilə Prezident İlham Əliyev bu təkliflərlə İrəvanı elə dilemma qarşısında qoyub ki, artıq Paşinyanın yola gəlməkdən başqa çarəsi yoxdur. Ən azı ona görə ki Azərbaycanın irəli sürdüyü 5 prinsip elə beynəlxalq hüququn prinsipləridir, baza şərtlər kimi beynəlxalq təcrübədə də geniş istifadə olunur. Yəni, Ermənistan bu prinsiplərə yox desəydi, əslində beynəlxalq hüquqa yox demiş olardı. Bataqlığı xatırladan Ermənistan üçün isə əlavə problem lazım deyil. İrəvandan fərqli olaraq isə Bakı postmüharibə dövründə planladığı bütün tədbirlər üzrə qətiyyətlə irəliləyir. Ərazilərin minalardan təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, böyük qayıdışa hazırlıq tam sürətlə davam edir. Eyni zamanda qalib Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı köklü şəkildə artıb. Hətta müharibəyə qədər İrəvanla əməkdaşlıq edən dövlətlər bu gün açıq formada Bakıya üz tutmaqdan çəkinmir. Bilirsiniz ki, hələ hakimiyyətinin ilk illərində cənab İlham Əliyev ermənilərə dəfələrlə xəbərdarlıq etmişdi ki, təcavüzkar niyyətə son qoymazsa, Azərbaycan Ermənistanı dalana çevirəcək. Nəticə etibarı ilə, bu gün Ermənistan artıq həm siyasi, həm sosial-iqtisadi cəhətdən dalan dövlətidir”.

B. Məhərrəmov vurğulayıb ki, əvvəllər Ermənistan üçün nəfəslik rolunu oynayan güclər bu gün Azərbaycanla çox ciddi layihələrə cəlb olunmaqla İrəvanı ikinci planda görməyə başlayıblar: “Türkiyə ilə münasibətləri normallaşan Rusiya üçün isə Ermənistan artıq əvvəlki qədər əhəmiyyətli deyil, əksinə Bakı Rusiya üçün önəmli siyasi müttəfiq kimi çəkisini artırıb. Əlbəttə bunu yalnız biz görmürük, Paşinyan və komandası da görür və bu ölkənin mövcudluğunun davamı üçün Prezident İlham Əliyevlə hesablaşmağın zərurətini dərk edirlər. Yəni, faktiki olaraq cənab İlham Əliyev ciddi iqtisadi-siyasi tədbirlərlə, ardınca Vətən müharibəsində şanlı zəfərimizlə, hazırda isə Hücum siyasəti doktrinası ilə İrəvanı islah etməkdədir. Təbii ki, qarşımızdakının Ermənistan olduğunun fərqindəyik, Ermənistan üçün söz və əməl bütövlüyü anlayışının olmadığını bilirik, ona görə də bölgə xalqlarının rifahı, sülh və sabitlik naminə Dəmir yumruq da hər zaman hazır saxlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR