Deputat: “Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 11 may 2022 14:13 (UTC +04:00)

“2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Bu Qələbə sayəsində işğal altındakı torpaqlarımız, o cümlədən mədəniyyət paytaxtımız olan Şuşa da işğaldan azad edildi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputatın sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən qısa vaxt sonra başlayan abadlıq-quruculuq işləri bu gün də sürətlə davam edir: “Ümumiyyətlə, dağıdıcılığı, vəhşi həyat tərzi ilə seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. Bu siyasət postmüharibə dövründə də uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada postmüharibə dövründə görülən işlər bir tərəfdən bizim qurucu xalq olduğumuzu, digər tərəfdən isə bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Artıq sürətlə quruculuq və abadlıq işlərinin aparıldığı Şuşada eyni zamanda festivallar, poeziya günləri və bir çox başqa tədbirlər keçirilir”.

Vüqar İskəndərov deyib ki, Şuşaya, azad edilmiş digər torpaqlara hər səfərində Prezident İlham Əliyev hansısa açılışda iştirak edir, yaxud da hansısa tikintinin təməlini qoyur: “Bu baxımdan dövlət başçısının növbəti səfəri də kifayət qədər zəngindir. Məlum olduğu kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu dəfəki səfərləri zamanı Füzuli və Şuşada bir sıra obyektlərin təməli qoyulub. Ümumiyyətlə, səfər zamanı Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, Şuşadakı inzibati binada və Şirin su hamamında, məşhur tarzən Sadıqcanın vaxtı ilə Şuşada yaşadığı evində, Mehmandarovların malikanə kompleksində və “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə görülən işlərlə, həmçinin Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq və “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirakı bir daha məlum həqiqəti təsdiqlədi. Şuşanın və digər işğaldan azad edilmiş torpaqların gerçək sahibləri bizik. Ona görə də ermənilərdən fərqli olaraq biz bu torpaqları talamırıq, tikililəri dağıtmırıq, əskinə, qurub-yaradırıq, yenidən dirçəldirik. Heç şübhəsiz ki, görülən bütün bu işlər Böyük Qayıdışı daha da sürətləndirir”.

Deputat burada bir məqamın üzərində xüsusi olaraq dayanmağın vacib olduğunu deyib: “Bu məqam Prezidentin Şuşaya növbəti səfərini məhz mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə etməsi ilə bağlıdır. Dövlət başçısının Şuşadakı müraciətində də vurğulandığı kimi Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Ümummilli lider Xalqımız üçün ən çətin anlarda xalqın yanında olub, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas edib. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr edib və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Dövlət başçısının da bəyan etdiyi kimi, Ulu öndər, həmçinin onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getsələr də, onların davamçıları onların işini tamamladı. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixi zəfərlərə imza atdı. Bu gün Ulu öndərin vəsiyyəti yerinə yetirilib və onun, həmçinin bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR