Deputat: İsraildə səfirlik açmaq üçün büdcədə vəsait nəzərdə tutulmalıdır

Asim Mollazadə

© APA | Asim Mollazadə

# 03 noyabr 2022 13:41 (UTC +04:00)

“Büdcənin ən böyük qismi Azərbaycanın dövlət təhlükəsizliyi ilə bağlıdır. Nəzərə almalıyıq ki, münaqişə bitməyib”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, hansısa ehtimal olunan təxribatların qarşısını almaq üçün Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının təminatı olmalıdır: “İstisna deyil ki, biz ölkənin müdafiə qabiliyyəti xərclərini daha da artırmalı olacağıq. Bununla yanaşı, Azərbaycana qarşı informasiya savaşı gedir, bizə sanksiyalarla hədə-qorxu gəlirlər. Mənə elə gəlir ki, biz bu istiqamətdə işi, diplomatik fəaliyyəti gücləndirməliyik. Bəzi ölkələrdəki səfirliklərimizi bağlamağa məcbur olmuşduq, biz bunları yenidən açmalıyıq. Eyni zamanda İsraildə səfirlik açmaq üçün büdcədə vəsait nəzərdə tutulmalıdır. Bu bizim üçün çox vacibdir. “Böyük Qayıdış” layihəsini həyata keçirmək üçün müvafiq işlər aparmalıyıq. Azərbaycanı dünyada tanıtmaq üçün çox az iş görülür. Azərbaycanda investisiya potensialı barədə məlumatlar kifayət qədər təmin edilmir”.

Deputat sosial sahədə görüləcək işlərdən də danışıb: “İnflyasiya artır. Sosial sahədə görünən işlər ona görə çox az nəticə verir. Azərbaycanda ətraf mühitlə bağlı “yaşıl enerji”nin inkişafı istiqamətində işlərin artırılmasına ehtiyac var. Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft və qazdan asılıdır. Çünki çox təəssüf ki, iqtisadiyyatın digər sahələri arzu etdiyimiz səviyyədə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR