Deputat: Medalların verilməsinə nəzarət edilməlidir - VİDEO

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 09 dekabr 2022 13:11 (UTC +04:00)

“Medalları təsis edirik, amma görürük ki, təsis edilən medalların verilməsi zamanı problemlər üzə çıxır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Vətən müharibəsindən sonra bir çox medal təsis edilib, ancaq onların paylanmasında problemlər yaranıb: “Sosial şəbəkələrdə də aparılan müzakirələr göstərir ki, 44 günlük Vətən müharibəsində haqqı çatmadığı halda kimlərinsə təqdimatı ilə bəzi şəxslərə medallar verilib. Kimlərsə orden və medal ala bilib, haqqı çatanların bəzisi isə yox. Digər tərəfdən, bu yaxınlarda yazıçı Əlisa Nicatla bağlı problem ortaya çıxdı. Azərbaycanda nə qədər yazıçı var ki? Niyə bu problemlər olmalıdır? Prezident təkdir, ona belə şeylərin təqdimatı düzgün verilməlidir. Ölkə prezidentinin xarakterini hər kəs bilir ki, mütərəqqi nə layihə, nə təşəbbüs varsa, hamısını dəstəkləyir”.

Deputat təklif edib ki, medalların verilməsinə nəzarət edilsin: “Qurumların rəhbərliyində olan şəxslər ürəyi kimi istəyir, yazır, təqdimat verir. Zəhməti olan, əziyyəti olan şəxslər kənarda qalır. Biz bu mexanizmin üzərində düşünməliyik. İnsanlar bilsinlər ki, dövlətə xidmətə görə heç kim yaddan çıxmır. Hamının fəaliyyəti izlənir, hamının fəaliyyətinə dövlət səviyyəsində qiymət verilir. Çünki bir məmurun etdiyi hərəkət dövlətin adına yazılır. İnsan ürəyində qırğınlıq yaşayır ki, dövlət əziyyətini nəzərə almadı. Ona görə də hesab edirəm ki, nəzarət mexanizmi olmalıdır ki, medallar subyektiv mülahizələr əsasında paylanmasın, haqqı çatan insanlara verilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR