Deputat: “Minatəmizləyənlərin işini gördük, çox böyük zəhmət çəkildiyini hiss etdik” 

Sabir Rüstəmxanlı, Fazil Mustafa, Tural Abbaslı

© APA | Sabir Rüstəmxanlı, Fazil Mustafa, Tural Abbaslı

# 24 iyun 2022 16:57 (UTC +04:00)

“Bu gün əslində mənim özümü xoşbəxt saydığım günlərdən biridir”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Zəngilana səfər edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

“30 ildən sonra biz Həkəri çayının qırağındayıq. Qarabağın doğma, gözəl torpaqlarından keçib gəlmişik. Bu gün çəkilən yollara baxdım, 30 il Azərbaycandan aralı düşmüş bu gözəl torpaqlarımızı təzədən Bakı ilə birləşdirəcəyik. Təzə salınan kəndə baxdım, minatəmizləyənlərin işini gördük. Çox böyük zəhmət çəkildiyini hiss etdik. Yola gələndə baxdıqca mən Azərbaycan Ordusunun qüdrətini gördüm”, - deputat deyib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda böyük vəhşiliyin şahidi olduqlarını bildirib.

O vurğulayıb ki, bunlar səviyyəsi çox aşağı olan bir düşmənlə qarşılaşdığımızın sübutudur: “Digər tərəfdən, sevinirsən ki, qısa müddətdə ölkə Prezidentinin qətiyyət və ardıcıl mövqeyi nəticəsində torpaqların minalardan təmizlənməsi, bərpası, Ağalı kimi yeni bir qəsəbənin tikilməsi olduqca önəmli işlərin görülməsidir. Həm də həyatın canlanması prosesini gördük. Çaya balıq buraxdıq. Bu o deməkdir ki, biz bura həyatı qaytarırıq. Təkcə insan həyatını qaytarmırıq, həm də digər canlıları həyata qaytarırıq. Bölgəyə canlılıq gətirən, çiçəkləndirən yalnız Azərbaycan olacaq. Bu gün bu Vətən bizimdirsə, onun acısını da, sevgisini də daşıyacaq insanlar ancaq biz ola bilərik. Çox duyğulu bir səhnədir. Ümid edirəm ki, biz bir daha bu torpağa elə bağlı olacağıq ki, bir də heç kim bu torpağı bizim əlimizdən ala bilməyəcək. Bunu hər bir azərbaycanlı dəyər olaraq, borc olaraq içində yaşadacaq”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə bir Azərbaycan vətəndaşı kimi həsrətində olduğumuz, uğrunda şəhid verdiyimiz, qazi olduğumuz torpaqlara gəlməyin xoş hiss yaratdığını vurğulayıb: “Mənim üçün bir siyasətçi kimi də burda gedən işləri görmək, onlarla maraqlanmaq önəmlidir. Gün o gün olsun, bu torpaqların sahibləri qayıtsınlar, məskunlaşsınlar. Boş evlərə yox, dolu evlərə qonaq olaq”.

Qeyd edək ki, bu gün siyasi partiya rəhbərlərinin Zəngilan rayonuna səfəri təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR