Prezident İlham Əliyevin nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bildiyini zaman sübut etdi.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, 44 günlük Vətən müharibəsinin başlanması zamanında atılmış addım idi və lazımı zamanda dayandırılmışdı: “Müharibənin başa çatdığı üç ildə Azərbaycan beynəlxalq müstəvidə öz mövqelərini möhkəmlətdi. Biz hamını inandırdıq ki, ölkələrin suveren hüquqlarına hörmət edilməsində selektiv yanaşmaq olmaz. Selektiv yanaşmalar torpaqlarımızın 30 il erməni işğalı altında qalmasına yol açdı. Azərbaycan güclənib öz mövqelərini möhkəmlətdikdən sonra özünün suveren hüquqlarını güc yolu ilə təmin etməyə başladı. Təbii ki, biz müharibələr istəmirdik. Çünki bilirdik ki, silahlar işləyəndə qan tökülür. İstəyirdik ki, bütün məsələlər siyasi yollarla öz həllini tapsın. Təəssüf ki, Fransa və digər güclərin təhriki ilə separatçılar qızışdı və bu təxribatların kulminasiya nöqtəsi 19 sentyabr gecəsi oldu. Ermənistan silahlı birləşmələrinin diversiya qrupu ərazilərimizə keçərək Füzuli-Əhmədbəyli-Şuşa yoluna minalar basdırdı. Polis və yol tikintisində çalışanlar bu minalara düşərək həlak oldu və xəsarət aldılar. Məhz bundan sonra Ali Baş Komandan lokal xarakterli antiteror tədbirlərin keçirilməsi ilə bağlı orduya tapşırıq verdi. Mülki obyektlərə və dinc əhaliyə zərər yetirilməməsi ilə bağlı ciddi tapşırıq verildi. Ordumuz lokal xarakterli antiteror tədbirlərini çox peşəkarlıqla icra etdi və dəqiq silahlarla düşmənin ancaq legitim hərbi hədəfləri məhv edildi. Rəşadətli ordumuz 24 saata yaxın bir zamanda tərkibi 10 mindən çox silahlı birləşməni tərksilah etməklə yeni bir uğur hekayəsi yazdı. Keçirilən lokal xarakterli antiteror tədbirlərində mülki insanlara ziyan vurulmadı. Yüksək dəqiqliklə və qısa zaman kəsiyində aparılan bu antiteror tədbirləri dünya praktikasında yeganədir. Çünki dünyanın ayrı-ayrı bölgələrində aparılan antiteror əməliyyatları zamanı şəhərlərin dağıdıldığının, mülki insanların öldürüldüyünün şahidi olmuşuq. Ermənistan silahlı birləşmələrinin yarısından çoxunun məhv edilməsindən sonra separatçılar ağ bayraq qaldırdılar və Yevlaxda görüş xahiş etdilər”.
Azər Badamov qeyd edib ki, bu görüş də baş tutdu: “Artıq Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr Ermənistana çıxarılmağa başlanmışdır. Ordumuz döyüş mövqelərini ermənilərdən təhvil alır və onlar ağ bayraq bağlayaraq mövqelərini tərk edirlər. Yevlaxda keçirilən görüşdə erməni icmasının nümayəndələri humanitar yardımın göndərilməsini xahiş etdilər. Qarabağın erməni əsilli sakinləri öz vətəndaşlarımız hesab etdiyimizdən mərkəzi icra hakimiyyəti bu gün ilk yardım karvanını Xankəndinə yola saldı”.
Deputat artıq Azərbaycan Ordusu Qarabağın bütün ərazilərinə nəzarət etdiyini nəzərə çatdırıb: “Artıq ölkəmizin bütün ərazilərində suverenlik təmin olunub. Yollar separatçılardan təmizlənib, bütün yüksəkliklərdə Azərbaycan əsgəri dayanır. Azərbaycan özünün bütün kommunikasiyaları erməni sakinlərin üzünə açdığını elan edib. Bundan sonra Xankəndində Azərbaycan dövlət bayrağı dalğalanacaq və humanitar yardımlar da göndəriləcək. Xankəndində yaşayan erməni əsilli sakinlər cəmiyyətimizə inteqrasiya olunacaq. Artıq onlar separatistlərin girovluğundan azad olunaraq təhlükəsiz şəraitdə yaşamaq imkanını əldə edib”.
Deputat bildirib ki, bütün bu uğurlara milli həmrəylik və birliyimiz sayəsində imza atdıq. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız da olmuşdur: “Hərbiçilərimiz vətən torpağının müdafiəsi uğrunda canlarını fəda etdilər. Allahdan bütün şəhidlərə rəhmət, yaralılara isə tezliklə sağalmalarını arzulayıram”.