Deputat: “Prezidentin sərəncamı Vətən müharibəsinin iştirakçılarına yüksək qayğının göstəricisidir”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 29 dekabr 2021 19:04 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam Vətən müharibəsinin iştirakçılarına yüksək qayğının növbəti göstəricisidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək: “Dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti 30 yanvar 2021-ci il tarixdə “Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə” qərar vermişdi. Qərara əsasən, Baş nazirinin birinci müavininin sədri olduğu Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılmışdı. Komissiyaya tapşırılmışdı ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin. Müəyyən edilmişdi, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla veriləcək. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilərdi. Aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin şəxslərə 2022-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini və ödənilməsini təmin edəcək”.
M. İbrahimqızı ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbirin Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıdığını vurğulayıb: “Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyatı qurumlar tərəfindən müəyyən ediləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılacaq. Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin edəcək. Bir daha Vətən müharibəsinin iştirakçılarına yüksək qayğının növbəti göstəricisi olan bu sərəncama görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR