Deputat: “Prezidentin ŞƏT sammitinə dəvət olunması onun şəxsiyyətinə, siyasi nüfuzuna verilən qiymətin göstəricisidir”

Ceyhun Məmmədov

© APA | Ceyhun Məmmədov

# 15 sentyabr 2022 16:47 (UTC +04:00)

“Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində dəvət edilməsi onun şəxsiyyətinə, siyasi nüfuzuna verilən qiymətin göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir, qürurverici haldır: “Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan hazırda BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın bu təşkilata sədrlik müddətinin daha bir il uzadılması ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə yanaşı, Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının da göstəricisidir.

Həmçinin qeyd etmək lazımdır ki, beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir”.

Ceyhun Məmmədov diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevə dünyada böyük inam, böyük etimad var: “Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq siyasi qələbələrə imza atıb. Ona görə də bu gün dünya dövlətləri, beynəlxalq qurumlar Azərbaycanla sıx əməkdaşlıq edir, dövlətimizin siyasi proseslərdəki rolunu yüksək qiymətləndirirlər”.

Deputat Ermənistan Baş naziri Nikol Paşinyanın Zirvə görüşünə getməkdən imtina etməsinə də münasibət bildirib: “Son günlər Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistan silahlı qüvvələri dövlət sərhədində Azərbaycana qarşı yenidən genişmiqyaslı təxribatlara əl atdı. Dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, Ermənistan tarixi “missiyasına” uyğun olaraq, yenidən xəyanət, fürsətçilik taktikası seçdi. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu iki il əvvəl olduğu kimi, yenə də Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi. Bu hadisələrdən sonra olduqca çətin vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə iştirak etməyəcəyini bəyan etdi. Bu da gözlənilən idi. Çünki dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdı. Bu, onun növbəti oyunu, növbəti avantürasıdır. Biz artıq Paşinyanın bu cür davranışlarına, addımlarına öyrəşmişik. Çünki bu, ilk dəfə deyil. Və bu addımların heç birinin perspektivi yoxdur, yəni Paşinyan anlamalıdır ki, konstruktiv mövqe nümayiş etdirərək münaqişənin tənzimlənməsinə töhfə verməlidir. Ona görə bu addımlar, hesab edirəm ki, Ermənistana uğur gətirməyəcək. Azərbaycan bu görüşdən də öz məqsəd və məramları üçün istifadə edərək növbəti uğurlara imza atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR