Deputat: Qarabağ sülh məkanı olmalıdır, erməni sakinlərlə təmaslar bu məqsədə yaxınlaşdırır

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 02 mart 2023 20:20 (UTC +04:00)

“Dünən Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Belə görüşlərin keçirilməsi zəruridir. Dünənki görüşdə Konstitusiyamıza və qanunlarımıza uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları hesab edir: “Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması olduqca önəmlidir. Erməni vətəndaşlar bizim bayrağımız altında Konstitusiyamızla yaşamalıdırlar.

Fatma Yıldırım qeyd edib ki, Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayıb: Bu illər ərzində minlərlə şəhid vermişik, çox ağrılı-acılı günlər yaşamışıq. Amma Azərbaycan sülhsevər dövlət, xalqımız isə sülhsevər xalqdır. Ermənistanla əsas fərqimiz də məhz bundadır. Keçirilən görüş Qarabağın dinc erməni sakinləri ilə baş tutub və burada hansısa separatçılardan söhbət gedə bilməz. Məqsəd bu ərazidə yaşayan dinc ermənilərin cəmiyyətimizə inteqrasiya etmək, onların Azərbaycan qanunları əsasında yaşamasıdır. Dövlətimizin başçısının bəyan etdiyi kimi, əgər kimsə Azərbaycanın tərkibində yaşamaq istəmirsə, yol açıqdır, hara istəsələr, gedə bilərlər”.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında qeyd etmişdi ki, normallaşma prosesi iki istiqamət üzrə inkişaf etdirilir. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir, tərəflər arasında təmas mövcuddur, sənədlərin mübadiləsi həyata keçirilir. İkincisi isə odur ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanacaq: “Martın 1-də keçirilmiş görüş də məhz daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Bu fakt onu da göstərir ki, son dövrlər xaricdən ölkəmizə qarşı təşkil olunmuş kampaniya heç bir nəticə vermədi və iflasa uğradı. Mən özüm də əslən qarabağlıyam. Uşaqlığımız Şuşanın Malıbəyli kəndində və Xankəndi şəhərində keçib. Babam Yusif Əliyev keçmiş DQMV-nin maarif şöbəsinin müdiri işləyib. Atam isə Xankəndidə 4 saylı orta məktəbi bitirib. Demək istədiyim odur ki, biz vaxtilə dinc şəraitdə birgə yaşamışıq. Ona görə də Qarabağdakı erməni sakinlərimizlə təmaslar davam etdirilməlidir. Hesab edirəm ki, Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə görüşlərin keçirilməsi yaxşı nəticələr verəcək. Həmin ərazilərdən köçkün düşmüş həmvətənlərimiz də doğma yurdlarına qayıdacaqlar. Qarabağ bundan sonra sülh və sabitlik məkanı olmalıdır. Dövlətimiz də bu məqsəd üçün çalışır. Qarabağın erməni sakinləri ilə növbəti görüşlər isə Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta bilər. Bütövlükdə, bu görüşlər qarşıya qoyduğumuz məqsədə daha da yaxınlaşdırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR