Deputat: "Qarabağ və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın qüdrətinin nümayişidir"

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 18 noyabr 2022 13:24 (UTC +04:00)

“44 günlük Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər, atılan addımlar Azərbaycanın qüdrətinin dünyaya bir daha nümayişidir. Prezident İlham Əliyevin xarici və daxili siyasəti bu istiqamətdə də tezliklə qarşıya qoyulan məqsədlərə çatacağımızdan xəbər verir. Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planına nəzər salmaqla görə bilərik ki, yaxın gələcəkdə necə böyük işlərə şahidlik edəcəyik”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, həmin yerlərin dirçəldilməsi prosesi birbaşa Prezidentin nəzarəti altında həyata keçirilir: "Dövlət başçısının rəhbərliyi altında bütün dünyaya nümunə olacaq sürətli və keyfiyyətli tikinti-quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır".

Deputat qeyd edib ki, Prezidentin ərazilərin bərpası və əhalinin qayıdışına dair qarşıya qoyduğu hədəflər təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir.

Vüqar İskəndərovun sözlərinə görə, bu istiqamətlər üzrə atılan addımların əsasən də daxili imkanlar hesabına olunması bir çox ölkələr üçün əlçatmaz bir təcrübədir: "İşğaldan azad olunan ərazilərimizdə görülən işlərin demək olar hamısını daxili büdcəmiz hesabına həyata keçiririk. Əlbəttə, müharibədən çıxmış bir dövlətin qısa müddət ərzində bu qədər iş görməsi və gələcək üçün böyük planların həyata keçirilməsi fonunda son illərə nəzər salsaq, bəlkə də Azərbaycan dünyaya nümunə olacaq bir ölkə statusundadır. Çünki həm dünyada baş verən iqtisadi böhranlar, pandemiya, müharibələr, həm də regionda baş verənlərdən sonra bu qədər işləri görən yeganə ölkə elə Azərbaycan ola bilərdi. Hətta onu da qeyd etməliyik ki, Dövlət Proqramına əsasən növbəti 4 il üçün Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan işlər tikinti və quruculuqla məhdudlaşmır. Tədbirlər Planının əhəmiyyətli bir hissəsi dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin, gələcəkdə məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlərə söykənir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu proqramlar tam və keyfiyyətli formada başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR