Deputat: “Xalq Cümhuriyyətinin yadigarı kimi bayrağımızın Şuşada dalğalanmasının qürurunu yaşayırıq”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 26 may 2022 17:13 (UTC +04:00)

“28 May – Müstəqillik Günü tariximizin şanlı səhifəsidir. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri var. Onların zəngin irsinin öyrənilməsi və təbliği bu gün dövlət səviyyəsində xüsusi diqqət mərkəzindədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunmasında böyük xidmətləri olub: “Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb, Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilib, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb, o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olub. Bu, Cümhuriyyət irsinin rəsmiləşdirilməsi idi. Ümummilli lider Heydər Əliyev 1 fevral 2003-cü il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” sərəncam imzalayıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2007-ci il mayın 25-də Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin irsini yüksək qiymətləndirib, dövlət başçısının sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib”.
Məlahət İbrahimqızı artıq Müstəqillik Gününü ərazi bütövlüyümüzün bərpa olunması şəraitində qeyd etdiyimizi vurğulayıb: "Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev 2003-cü ildən sonrakı dövrdə də Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasət həyata keçirdi, böyük uğurlara imza atıldı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixin ən güclü Azərbaycan dövləti 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün hər kəs Azərbaycanın regional lider statusunu etiraf edir. Azərbaycan regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləyir, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilib”.
Deputat Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün Şuşada dalğalanmasının qürurunu yaşadığımızı söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyev qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırır, görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməsini təmin edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR