Deputat: “Xarıbülbül” festivalı Şuşanın mədəniyyət beşiyimiz olduğunu nümayiş etdirir”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 13 may 2022 17:18 (UTC +04:00)

“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın 10 mayda - ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şuşa və Füzuliyə növbəti səfəri özlüyündə rəmzi məna daşıyır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Prezident, eləcə də Birinci vitse-Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına hər səfərinin çox əlamətdar və mühüm məqamlarla yadda qaldığı qürurla qeyd edilməlidir:

“Ümumiyyətlə, dövlət başçısının müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər etməsi, onun işğaldan azad edilmiş ərazilərdə görülən hər bir işə şəxsən ciddi nəzarət etməsi həm də müxtəlif revanşist qüvvələrə ciddi mesajdır. Prezidentin hər çıxışında səsləndirdiyi “Azərbaycan xalqı bu torpaqlara əbədi olaraq qayıdıb və əbədiyyətə qədər xalqımız bu torpaqlarda sülh, əmin-amanlıq şəraitində və firavan həyat yaşayacaq” və “Qarabağ Azərbaycandır!” fikirləri sözsüz ki, İrəvanda ciddi narahatlıq doğurur. Bu fikirlər uzun illər xalqımıza düşmənçilik mövqeyində və ərazi iddiasında olan erməni təcavüzkarlarına və onları dəstəkləyən qüvvələrə ciddi xəbərdarlıqdır. Xüsusi vurğulamaq lazımdır ki, bugün dövlətimizin ən böyük istəyi və məqsədi məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qayıtarılmasıdır”.

Deputat vurğulayıb ki, bununla bərabər Qarabağın bəşər sivilizasiyasına çoxsaylı töhfə vermiş bir məkan kimi ən qısa zamanda dünyaya tanıdılması əsas prioritetdir:

“Prezidentin sərəncamı ilə 2021-ci ilin “Şuşa ili” elan edilməsi də məhz bu məqsədə xidmət edir. Şuşa tarixən mədəniyyətin, incəsənətin beşiyi olub. Bu mənada 2021-ci ildən başlayaraq Şuşada müxtəlif mədəniyyət tədbirlərinin ənənəvi olaraq yenidən keçirilməsi həm də Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqlarının olmasını sübut edir. Digər tərəfdən, minilliklər boyu xalqımızın Qarabağda yaratmış olduğu mədəniyyətin dünya mirasının bir parçası olduğu dünyaya nümayiş etdirilir. Bu mənada Prezident İlham Əliyev və Mehriban Əliyevanın may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Şuşa və Füzuliyə növbəti səfəri özlüyündə rəmzi məna daşıyır. Prezident İlham Əliyev ən əziz günləri, hətta ad günlərini belə bölgələrdə, xalqımızın sadə təbəqəsi ilə birgə keçirir. Bu, artıq bir ənənədir. Son səfəri də öncə çağdaş dövlətimizin qurucusu, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dövlət başçısının və Azərbaycan xalqlının dərin hörmət və ehtiramının təzahürü kimi qiymətləndirmək olar. Prezidentin Şuşa və Füzuliyə səfəri özlüyündə Ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” fikrinin, eləcə də ata vəsiyyətinin, onun arzularının yüksək səviyyədə yerinə yetirilməsinin bir daha təsdiqini tapmasının və reallaşdığının bariz nümunəsidir”.

Məlahət İbrahimqızı xatırladıb ki, artıq ölkə başçısının Qarabağ və Şəri Zəngəzura səfərləri silsilə xarakter alıb: “Dövlət başçısı bir yerdə təməlqoyma mərasimində, başqa bir yerdə açılış mərasimlərində iştirak edir. Bu baxımdan da biz Prezident İlham Əliyevin “Qarabağda cənnət yaradacağıq” vədinin günbəgün və həm də çox sürətlə gerçəkləşdiyinin şahidiyik. Onun rəhbərliyi altında işğaldan azad olunmuş bütün ərazilərdə yüksək standartlarla quruculuq işləri sistemli, ardıcıl və sürətlə həyata keçirilir. 30 il erməni silahlı birləşmələrinin işğalı altında qalan, dağıdılan, talan edilən, ekoloji terrora məruz qalan torpaqlarımıza bu gün yeni nəfəs gəlir, canlanır, çiçəklənir. Bu dəfə həmin canlanmanı xalqımız Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində və eləcə də “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işlərinin fonunda gördü. Həmçinin Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar işğaldan azad olunmuş tarixi torpaqlarımızda həyata keçirilən quruculuq işlərinin masştabının nə qədər geniş və hərtərəfli olduğunu göstərməklə bərabər, bu torpaqlarda daşı daş üstünə qoyaraq, erməni vandalizmindən əziyyət çəkmiş tarixi ərazilərimizin bərpasının həyata keçirildiyini göstərir. Yadda qalan mühüm hadisələrdən biri də bu səfərin Şuşa şəhərinin salınmasının 270 illiyinə və Şuşa ili çərçivəsində keçirilən ənənəvi V Beynəlxalq Xarıbülbül beynəlxalq folklor festivalına təsadüf etməsidir. “Xarıbülbül” beynəlxalq folklor festivalı bir daha Şuşanın Azərbaycanın mədəniyyət beşiyi olduğunu dünyaya nümayiş etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR