Deputatlar Avropa Məhkəməsini tənqid edib

Avropa İnsan Haqları Məhkəməsinin binası

© APA | Avropa İnsan Haqları Məhkəməsinin binası

# 24 fevral 2023 13:03 (UTC +04:00)

“Ekofəalların aksiyası sayəsində 74 gün ərzində ciddi nailiyyətlər əldə olunub. Bu yolla Ermənistandan Qarabağa silah-sursat daşınmasının qarşısı alınıb”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı deyib ki, bu müddətdə Azərbaycanın sərvətlərinin xaricə daşınması və əldə olunan vəsaitlərin separatizmin dəstəklənməsinə yönəlməsinin də qarşısı alınıb: “Eyni zamanda Ruben Vardanyan kimi cinayətkar da işindən uzaqlaşdırıldı”.

Fəzail Ağamalı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana münasibətdə qərarlarının ədalətli olmadığını da vurğulayıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, dairəsində 15 səs ala bilməyən biri Avropa Məhkəməsinə müraciət edən anda bu barədə qərar verilir: “Avropa Məhkəməsinin qərarlarını Azərbaycan dövləti yerinə yetirir, 15, 20 min avro ödənilir. Ancaq mən Avropa Məhkəməsinin qərarlarını ədalətli saymıram”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Çıraqovlar işi”ni əsas gətirərək beynəlxalq məhkəmələrdə Azərbaycanla bağlı ancaq ədalətsiz qərarlar qəbul edildiyi fikrini düzgün saymayıb: “Bu, apardığımız işə də nəzərə almamaq demək olardı. Biz mübarizəmiz üçün beynəlxalq hüquqi baza yaratmalıyıq. Yeri gəlmişkən, bu yaxınlarda ekofəalların aksiyası ilə bağlı məhkəmə qərarı da bu aspektdə qeyd olunmalıdır. Bu qərar da Azərbaycanın maraqlarına cavab verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR