Deputatlar Hacıqabul gölünün mövcud vəziyyətinin gündəmdə saxlanılmasını təklif edib

Deputatlar Hacıqabul gölünün mövcud vəziyyətinin gündəmdə saxlanılmasını təklif edib
# 25 yanvar 2022 18:22 (UTC +04:00)

Yanvarın 25-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib və bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb.

İlk iki məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatının və 2022-ci il yaz sessiyası üçün iş planının təsdiqi ilə bağlıdır.

Qalan iki məsələ isə “Qaz təchizatı haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin müzakirəsidir.

Əvvəlcə komitə sədri 2021-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı müzakirəyə təqdim edib.

Komitənin 2022-ci il yaz sessiyası üçün iş planı ilə bağlı Sadiq Qurbanov bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinin və digər sənədlərin təhlili, müzakirəsi ilə yanaşı, ekologiya və energetika üzrə qanunvericiliyin icra vəziyyətinə, bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin keçirilməsi kimi tədbirlər də öz əksini tapıb.

Sənədlərin müzakirəsində komitə üzvləri Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov çıxış ediblər. Deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıblar. Onlar qarşıdakı sessiyada bərk məişət tullantılarının idarə edilməsi, su problemləri, Hacıqabul gölünün mövcud vəziyyəti, qanunsuz ov edilməsi, torpaqlardan səmərəli istifadə kimi məsələlərin gündəmdə saxlanması ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı qənaətbəxş hesab olunub və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Komitə sədri bildirib ki, müzakirəyə çıxarılan hər iki sənəd - “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar Naqif Həmzəyev, İltizam Yusifov, Nəsib Məhəməliyev, Afət Həsənova təklif olunan dəyişikliklərlə bağlı rəylərini, suallarını səsləndiriblər. Deputatlar dəyişiklikləri əsasən istehlakçıların hüquq və mənafeləri kontekstində dəyərləndiriblər, onların praktiki tətbiqi, məsuliyyətin aydınlaşdırılması, bina mülkiyyətçilərinin müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı fikirlərini bildiriblər.

Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deputatların suallarını cavablandırıblar, qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda komitə üzvləri qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Anar Məmmədov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR