“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi” təsdiq edilib

“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi” təsdiq edilib
# 06 sentyabr 2022 17:34 (UTC +04:00)

“Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının Əsasnaməsi” təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərar “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını, Vahid dövlət informasiya bazasının strukturunu, bazaya daxil olan məlumatların dairəsini, bazadan istifadə qaydasını müəyyən edir.

Vahid dövlət informasiya bazası orqan donorluğu və transplantasiyanın həyata keçirilməsi zamanı vahid uçotun aparılması, məlumatların elektronlaşdırılması, tibb müəssisələri tərəfindən düzgün informasiyanın daxil edilməsinə nəzarətin həyata keçirilməsi, habelə bu sahədə operativ əlaqələndirmənin təmin edilməsi məqsədilə məlumatların formalaşdırılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.

Vahid dövlət informasiya bazasının aparılmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxs həyata keçirir.

Vahid dövlət informasiya bazasının strukturu “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsistemindən, “Hesabatlar” altsistemindən və Qanunun 13-cü maddəsində göstərilən 10 reyestrdən ibarətdir:

-ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri;

-ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestri;

- canlı donorların reyestri;

- resipiyentlərin reyestri;

- sümük iliyi donorluğuna namizədlərin reyestri;

- süni orqan və material köçürülmüş şəxslərin reyestri;

- transplantasiyanı həyata keçirən tibb müəssisələrinin reyestri;

- donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin reyestri;

- transplantasiya üzrə koordinatorların reyestri;

-həkim-transplantoloqların reyestri.

Vahid dövlət informasiya bazasının formalaşdırılmasının məqsədi orqan donorluğu və transplantasiyasının həyata keçirilməsi zamanı vahid uçotun aparılması, orqan donorluğu və transplantasiyası fəaliyyətinin təmin edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR