Dövlət tərəfindən özəl tərəfdaşa torpaq sahəsinin ayrılması qaydası müəyyənləşir

Dövlət tərəfindən özəl tərəfdaşa torpaq sahəsinin ayrılması qaydası müəyyənləşir
# 28 oktyabr 2022 11:21 (UTC +04:00)

Dövlət-özəl tərəfdaşlığı müqaviləsində həmin müqavilə başa çatdıqdan və ya ona xitam verildikdən sonra özəl tərəfdaşa verilməli olan, habelə dövlətə qaytarılmalı və ya verilməli olan əmlak müəyyən edilməlidir.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, özəl tərəfdaş dövlət tərəfdaşının əvvəlcədən yazılı razılığı ilə infrastrukturu dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən edilmiş müddətdən artıq olmayan müddətə icarəyə və ya istifadəyə vermək hüququna malikdir.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsində başqa qayda nəzərdə tutulmadığı halda, həmin müqavilə ləğv edildikdə və ya ona xitam verildikdə:

- özəl tərəfdaşın yaratdığı infrastruktur özəl tərəfdaşın mülkiyyətində qala və ya dövlət tərəfdaşının mülkiyyətinə keçə bilər;

- dövlət tərəfdaşı özəl tərəfdaşın yaratdığı infrastrukturu sonuncudan satın almaqda üstünlük hüququna malik ola və ya belə öhdəlik daşıya bilər;

- özəl tərəfdaş onun idarəetməsinə verilmiş infrastrukturu dövlətdən satın almaqda üstünlük hüququna malik ola bilər.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan torpaq sahələrinin müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu formada və müddətdə, lakin dövlət-özəl tərəfdaşlığı müddətindən çox olmamaq şərtilə özəl tərəfdaşa ayrılması Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən təşkil olunur. Dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa icarəyə, istifadəyə verilə bilər və ya layihə şirkətinə pay şəklində qoyula bilər. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi özəl tərəfdaşa dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsini zəruri edirsə, özəl tərəfdaşla torpaq sahəsinin icarə müqaviləsi səlahiyyətli orqan tərəfindən bağlanılacaq. Özəl tərəfdaşa icarəyə verilən torpaq sahəsinin icarə haqqı ”Torpaq icarəsi haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. İcarəyə götürülmüş torpaq sahələri özəl tərəfdaşa icarəyə və ya istifadəyə verilə bilər.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün tələb olunan bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən dövlət mülkiyyətinə və ya icarəsinə veriləcək. Dövlət özəl tərəfdaşlığı layihənin həyata keçirilməsi üçün tələb olunan xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələri mülkiyyətçi ilə müqavilə əsasında dövlət tərəfindən satın alınacaq və ya icarəyə götürüləcək. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən dövlət-özəl tərəfdaşlığı layihəsi dövlət ehtiyacı hesab edildikdə, torpaqların alınması həmin Qanun əsasında həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR