Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndin bir sıra kəndlərində bərpa işlərinə başlanacaq"

Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndin bir sıra kəndlərində bərpa işlərinə başlanacaq"
# 20 mart 2023 16:01 (UTC +04:00)

“Biz işğaldan azad olunduqdan sonra qısa müddətdə bərpa olunmuş Talış kəndindəyik. Xalqımızın əziz bayramı olan “Novruz” bayramını qeyd edirik. Bu bayramın bizim üçün xüsusi önəmi var. Bura köçmüş 20 ailə, öz dədə-baba torpağında bayramlarını qeyd edirlər. Bu fürsətdən istifadə edərək yeni qurulan kəndimizdə bayram əhval ruhiyyəsi yaratmışıq. Sözsüz ki, insanların rahat həyatı üçün dövlət hər bir şərait yaradıb”.

Bunu APA-ya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, insanlar artıq öz yeni evlərinə yerləşiblər. Onun sözlərinə görə, kənd sakinlərinə məşğulluq baxımından hər bir imkanlar araşdırılıb. Insanlar yeni iş yerləri ilə təmin olunublar:

“Həmçinin kiçik sahibkarlıqla məşğul olan, məşğulluq zərfləri ilə də təmin olunan ailələrimiz var. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bura səfər etdikdən sonra kəndin ikinci mərhələsinin bərpası start götürəcək. Bu mərhələ çərçivəsində 158 ailənin kəndə köçürülməsi nəzərdə tutulub. Bu işlər qısa bir zamanda həyata keçiriləcək. Çünki ən çətin və vaxt tələb edən infrastruktur işləri artıq icra olunub. Bundan sonra evlərin də tez bir zamanda tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

Qarabağ iqtisadi rayonunun digər bölgələrində bərpa –quruculuq işləri davam edir. Bu ilin sonunda Füzuli şəhərində ilk yaşayış məhəlləsinin təhvil verilməsi nəzərdə tutulub. Eyni zamanda bu il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə bərpa işlərinə başlanacaqdır. Onların da 1 il və 1 il 6 ay ərzində yekunlaşması nəzərdə tutulub. 2024-cü ilin sonunadək həm bu kəndlərdə, həm də Ağdam şəhərində iki yaşayış məhəlləsinin istifadəyə verilməsi reallaşacaq. Bütün bunlar “Böyük qaydış” birinci dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu sahə də dövlət qurumları ilə əlaqəli və əməkdaşlıq çərçivəsində yüksək səviyyədə həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR